Putini müharibəni dayandırmağa çağıran generalı tanıyan azərbaycanlı hərbçi şok detalları açıqladı
Rusiya-Ukrayna müharibəsi artıq beşinci ilinə yaxınlaşdığı bir vaxtda Rusiyanın hərbi və siyasi strategiyası, müharibənin real nəticələri və Moskvanın qarşıya qoyduğu hədəflərə nə dərəcədə nail olduğu yenidən müzakirə mövzusuna çevrilib. Rusiya Silahlı Qüvvələrinin istefada olan general-polkovniki Leonid İvaşovun Vladimir Putinə ünvanladığı çağırış da bu müzakirələri aktuallaşdırıb. İvaşov Rusiya rəhbərliyini müharibənin reallıqlarını düzgün qiymətləndirməyə çağıraraq, mövcud siyasətin ölkəni daha ağır nəticələrlə üz-üzə qoya biləcəyini bildirib.
İvaşovun fikrincə, müharibənin uzanması, beynəlxalq təcrid və iqtisadi təzyiqlər Rusiyanın strateji mövqeyinə ciddi təsir göstərib. Bəs Vladimir Putin müharibənin əvvəlindən etibarən hərbi-siyasi strategiyanı düzgün müəyyənləşdirə bilməyibmi? Rusiyanın indiki vəziyyətini məğlubiyyət kimi qiymətləndirmək nə dərəcədə əsaslıdır? Moskva qarşıya qoyduğu məqsədlərə nail ola bilmədiyi halda müharibəni davam etdirməklə hansı nəticələrlə üzləşə bilər?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən ehtiyyatda olan polkovnik Üzeyir Cəfərov qeyd edib ki, ümumiyyətlə, general-polkovnik Leonid İvaşov Rusiya-Ukrayna müharibəsi başlamazdan əvvəl də Vladimir Putinə müraciət edərək onu bu avantüradan çəkindirməyə çağıran şəxslərdən biri olub: “General-polkovnik İvaşovu tanıyıram. O, SSRİ dövründə də yüksək vəzifələr tutmuş şəxslərdən biri olub. Sonradan isə Rusiya Silahlı Qüvvələrinin Müdafiə Nazirliyində böyük idarələrdən birinə rəhbərlik edib. Bəs İvaşov bu fikirləri niyə səsləndirir? Rusiya-Ukrayna müharibəsi artıq beşinci ilinə yaxınlaşır. Fevral ayında müharibənin beş ili tamam olacaq. İvaşov Putini reallığı dərk etməyə çağırır. Çünki beş il ərzində hər hansı ciddi uğur əldə edilməyibsə, bundan sonra da belə bir nəticəyə nail olmaq olduqca çətindir. Hesab edirəm ki, İvaşovun çağırışı tamamilə haqlıdır. Əlbəttə, Putinin strategiyası kökündən yanlışdır. Onun generalları – əvvəlcə keçmiş müdafiə naziri Sergey Şoyqu, hazırda isə müdafiə naziri Belousov, Baş Qərargah rəisi Valeri Gerasimov və digər hərbi rəhbərlər Putini hər addımda yanlış məlumatlandırırlar. Putin vəziyyətə tam nəzarət edə bilmədiyindən, bir sıra yaşayış məntəqələrinin ələ keçirilməsi barədə ona dəfələrlə məlumat verilib. Halbuki həmin yaşayış məntəqələrinin Rusiya Silahlı Qüvvələrinin nəzarətinə götürüldüyü daha əvvəl də bəyan edilmişdi. Bir yaşayış məntəqəsi necə iki-üç dəfə nəzarətə götürülə bilər?”.

Ü.Cəfərov qeyd edib ki, Rusiya artıq qlobal miqyasda siyasi və iqtisadi baxımdan məğlubiyyətə uğrayıb: “Bunun əsas səbəblərindən biri ölkəyə qarşı tətbiq edilən genişmiqyaslı sanksiyalardır. Artıq 20-dən çox sanksiya paketi qüvvəyə minib. İvaşovun çağırışı da, əslində, Rusiyanı qarşıda gözləyən daha ciddi fəlakətlərdən xilas etməyə yönəlmiş xəbərdarlıqdır. İndi Rusiya rəhbərliyi bu çağırışı necə qəbul edəcək? Hesab edirəm ki, qəbul etməyəcək. Çünki Putinin həddindən artıq böyük eqosu var. O, hər şeyi bacardığını və hər şeyi bildiyini düşünür. Lakin qeyd edim ki, İvaşov reallığı düzgün qiymətləndirə bilən generallardan biridir. Sinəsində Rusiya Qəhrəmanı adının nişanını daşıyan İvaşov Şoyqudan, Gerasimovdan və digər generallardan daha ağıllı və praqmatik hərbçidir. Ona görə də hesab edirəm ki, Rusiya rəhbərliyi, ilk növbədə isə Vladimir Putin başa düşməlidir: onun hazırkı inadkarlığı və şantaj siyasəti Rusiyanı daha ağır faciələrə və fəlakətlərə sürükləyir”.
Ayhan
15:20 10.11.2026
Oxunuş sayı: 43