Rəşad Məcid: Xəbərin sürəti dilin düzgünlüyünü üstələməməlidir- MÜSAHİBƏ
İnformasiya məkanında baş verən sürətli dəyişikliklər ana dilinin qorunması, ədəbi dil normalarına riayət olunması və jurnalistlərin nitq mədəniyyəti məsələlərini daha da aktuallaşdırır. Xüsusilə, onlayn medianın inkişafı informasiya təqdimatında çevikliyi artırsa da, dil və üslub normalarının qorunması ilə bağlı müəyyən problemləri də gündəmə gətirir. Bəs informasiya istehsalının sürətləndiyi indiki şəraitdə bu problemlərin əsas səbəbləri nələrdir? Jurnalistlərin dil hazırlığı və peşəkar redaktə prosesi ana dilinin qorunmasında hansı rolu oynayır? Bu və digər məsələlərlə bağlı fikirlərini öyrənmək üçün “525-ci qəzet”in redaktoru Rəşad Məcid ilə həmsöhbət olduq.
- Müasir Azərbaycan mediasında dil normalarının pozulması problemi nə dərəcədə aktualdır?
– Hesab edirəm ki, bu problem kifayət qədər aktualdır. Xüsusilə operativ onlayn mediada daha çox nəzərə çarpır. Çünki çox qısa müddətdə xəbər hazırlamaq zərurəti bəzən dil və üslubun düzgünlüyünün, redaktə məsələsinin arxa plana keçməsinə səbəb olur.
– Dil normalarının pozulmasının əsas səbəblərini nədə görürsünüz?
– Əsas səbəblər kimi, ilk növbədə, jurnalistlərin yazı dili hazırlığındakı fərqləri, redaktə prosesinə vaxt və həvəs qalmamasını göstərə bilərəm. Xəbərlərin maksimum tez bir zamanda yayımlanması burada da öz neqativ təsirini göstərir.
– Sosial şəbəkələrin və onlayn medianın inkişafı jurnalistlərin dilinə necə təsir göstərib?
– Sosial şəbəkələr və onlayn media xəbərin daha canlı və çevik dilə keçməsinə imkan verib. Amma loru danışıq dilinə xas ifadələrin və dil xətalarının da mediaya daxil olmasına yol açıb. İndiki reallıq belədir ki, sürət amili çox zaman yazını dil və üslub baxımından yoxlamadan yayımlamağı qaçılmaz edir.
– Xarici dillərdən, xüsusilə ingilis və rus dillərindən alınan sözlərin həddindən artıq istifadəsini necə qiymətləndirirsiniz?
– Xarici mənşəli müəyyən sözlərin dilə daxil olması təbii prosesdir. Azərbaycan dilində qarşılığı olan sözlərin lazımsız şəkildə əcnəbi sözlərlə əvəzlənməsi isə düzgün yanaşma deyil. Media nümayəndələri bu məsələdə xüsusilə diqqətli olmalıdırlar. Çünki mediada işlənən sözlər və ifadələr tezliklə cəmiyyətin gündəlik ünsiyyət dilinə də keçir.
– Jurnalistlərin dil hazırlığı və peşəkar redaktə prosesi dil normalarının qorunması üçün kifayət edirmi?
– Yaranmış vəziyyət göstərir ki, bu istiqamətdə mövcud imkanlar hələ tam kifayət etmir. Xüsusilə də bəzi onlayn media qurumlarında redaktə mərhələsinə daha ciddi yanaşmaq lazımdır. Məncə, jurnalistlərin dil hazırlığı ilə yanaşı, peşəkar redaktorların yazıları diqqətlə yoxlaması da keyfiyyətli media dili üçün vacib şərtdir. Təəssüf ki, mövcud reallıqda bunu da təmin etmək xeyli çətinləşib.
– Sizcə, Azərbaycan dilinin saflığını qorumaq üçün media hansı məsuliyyəti daşıyır və gələcəkdə Azərbaycan mediasında dil normalarının qorunması üçün hansı tədbirlər görülməlidir?
– Media Azərbaycan ədəbi dilinin cəmiyyətə təqdim olunan çox önəmli nümunələrini formalaşdırdığı üçün onun bu sahədə xüsusi məsuliyyəti var. Bundan ötrü jurnalistlər üçün dil üzrə mütəmadi təlimlərin təşkili, redaktə işinin gücləndirilməsi çox vacibdir.
Səbiyyə Zayirova
14:10 10.11.2026
Oxunuş sayı: 56