Tramp, Putin və Si Cinpinin Çində görüşü baş tutmaya bilər
ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin arasında Çində keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşün baş tutması sual altına düşüb.
Crossmedia.az xəbər verir ki, “The Wall Street Journal” bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ və Çin Şençjendə keçirilməsi təklif olunan üçtərəfli görüşün formatı ilə bağlı razılığa gələ bilmirlər.
Pekin əvvəlcədən hazırlanmış bəyanatın oxunacağı, müzakirə imkanlarının məhdud olacağı və ciddi qaydalarla tənzimlənən görüş formatında israr edir. Vaşinqton isə noyabrın 18-19-da Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) tədbirləri çərçivəsində daha sərbəst müzakirələrin aparılmasını istəyir.
Tərəflər arasındakı fikir ayrılıqları Tramp, Putin və Si Cinpinin belə bir görüş ideyasına müsbət yanaşmasına baxmayaraq, danışıqların ümumiyyətlə baş tutmayacağı ilə bağlı şübhələr yaradıb.
WSJ yazır ki, Tramp nüvə silahlarına nəzarət məsələsini müzakirəyə çıxarmaq niyyətində olduğunu açıq şəkildə bildirib. Çin isə uzun müddətdir bu mövzuda danışıqlara qoşulmağa ehtiyatla yanaşır. Pekin üçtərəfli silahlara nəzarət müzakirələrində iştirakın ölkənin nüvə potensialı baxımından digər tərəflərdən geri mövqedə olduğunu təsdiqləyə biləcəyini düşünür.
Nəşrin qənaətinə görə, Putinin üçtərəfli görüş təklifi Ağ Ev ilə Kreml arasında münasibətlərin yumşalmasından yararlanmaq, həmçinin Çinin dəstəyi ilə Ukraynada müharibənin Rusiyanın şərtləri əsasında və Volodimir Zelenskinin iştirakı olmadan başa çatdırılması istiqamətində irəliləyiş əldə etmək məqsədi daşıya bilər.
12:15 10.11.2026
Oxunuş sayı: 42