Ərdoğan: Türkiyə ilə Azərbaycan arasında ayrılıq axtaranlar əbəs yerə çalışırlar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada keçirdiyi görüşdən və iki ölkə arasındakı münasibətlərdən danışıb.
Crossmedia.az xəbər verir ki, Ərdoğanın noyabrın 8-də Azərbaycana səfərindən qayıdarkən təyyarədə jurnalistlərə verdiyi açıqlamalar bu gün, noyabrın 9-da yayılıb.
Türkiyə Prezidenti Azərbaycanla münasibətlərə dair son dövrlərdə səsləndirilən fikirlərə münasibət bildirərək iki qardaş ölkə arasında ayrılıq yaratmaq istəyənlərin cəhdlərinin nəticəsiz qalacağını vurğulayıb.
“İlham Əliyev qardaşımla səmimi şəkildə qucaqlaşdıq, həsrətimizi aradan qaldırdıq. Türkiyə ilə Azərbaycan arasında ayrılıq axtaranlar əbəs yerə çalışırlar. Türkiyə ilə Azərbaycan arasında tam həmrəylik, tale ortaqlığı və qardaşlıq münasibətləri mövcuddur”.
Türkiyə lideri iki ölkənin “Bir millət, iki dövlət” prinsipi əsasında hərəkət etdiyini xatırladıb.
“Bölgəmizdə və dünyada türkün güclü səsini digər qardaşlarımızla birlikdə ucaldacaq və firavan gələcəyi birlikdə quracağıq. Aramıza məsafə qoymağa çalışanlar xalqlarımızın bir-birinə məhəbbətini, tarixi bağlarını və sarsılmaz iradəsini nəzərə almırlar. Türkiyə və Azərbaycan bundan sonra da regionda sülh, sabitlik və rifah naminə çiyin-çiyinə irəliləməyə davam edəcək”.
Ərdoğan Türkiyə ilə Azərbaycan arasındakı birliyin bəzi qüvvələri narahat etdiyinə də diqqət çəkib. Onun sözlərinə görə, Türkiyə, Azərbaycan və digər türk dövlətlərinin birlikdə hərəkət etdikdə nələrə nail ola bildiyini görmək üçün tarixə nəzər salmaq kifayətdir.
“Biz fərqli dövlətlərik. Bununla yanaşı, fərqli institusional strukturlara malikik. Amma eyni zamanda, qardaşlıq bağı ilə bir-birimizə sıx bağlıyıq. Bu bağ bizi ayaqda saxlayan, güclü edən ən mühüm amildir”.
Ərdoğan bu qardaşlığın ortaq tarixin, ortaq mədəniyyətin və gələcək nəsillərə ötürüləcək böyük mirasın ən möhkəm təminatlarından biri olduğunu vurğulayıb.
“Bunu zəiflətmədən bizi yıxa bilməyəcəklərini anlayanlar birliyimizi və bərabərliyimizi pozmağa çalışa bilərlər. Xüsusilə bu cür oyunlara qarşı diqqətli olmalı, ayıq davranmalıyıq”.
Türkiyə lideri dezinformasiyalara etibar edilməməsinin vacibliyini qeyd edərək bütün məsələlərdə birbaşa, səmimi və açıq ünsiyyət kanallarından istifadə olunmasının zəruriliyini bildirib.
Ərdoğan Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə toplantısında səsləndirdiyi fikirləri də xatırladıb:
“Türk dünyasının ailə fotosunda ayrılığa, ixtilafa yer yoxdur. Hamımız birik, bərabərik, əzəldən əbədə qədər, inşallah, qardaşıq. Çünki bizə ayrılıq deyil, birlik yaraşır, bərabərlik yaraşır”.
Türkiyə Prezidenti iki ölkə arasında əməkdaşlığın enerji, nəqliyyat və infrastruktur sahələrində həyata keçirilən böyük layihələrlə daha da möhkəmləndirildiyini qeyd edib.
Ərdoğan Şuşa səfəri zamanı Qarabağda aparılan quruculuq işləri ilə yaxından tanış olduğunu və Azərbaycanın inkişafına dəstəyin davam edəcəyini də açıqlayıb.
10:51 10.11.2026
Oxunuş sayı: 57