Xəyali dostlar uşaqların sosial bacarıqlarını inkişaf etdirə bilər
Xəyali dostlar uşaqlara sosial münasibətləri anlamağa, emosiyalarını ifadə etməyə və çətin vəziyyətlərin öhdəsindən gəlməyə kömək edir. Araşdırmalar bu təcrübənin müsbət təsirlərinin yetkinlik dövründə də davam edə biləcəyini göstərir.
Crossmedia.az xəbər verir ki, BBC bu barədə məlumat yayıb.
Psixoloqlar Naomi Aguiar və Marjorie Taylorın araşdırmasına görə, yeddi yaşına qədər uşaqların təxminən üçdə ikisinin xəyali dostu olur. Mütəxəssislər bildirirlər ki, belə dostların olması uşağın tənha və ya utancaq olduğuna dəlalət etmir. Əksinə, uşaqlar bəzən sadəcə ünsiyyətə ehtiyac duyduqları üçün xəyali obrazlar yaradırlar.
Araşdırmalar xəyali dostları olan uşaqların daha yaradıcı hekayələr qurduğunu, diqqətlərini daha yaxşı cəmləyə bildiyini və başqalarının hisslərini anlamaqda üstünlük göstərə bildiyini ortaya qoyur.
İspaniyanın Valensiya Universitetində aparılan tədqiqatda 4-6 yaşlı, xəyali dostları olan uşaqların başqalarının özlərindən fərqli düşüncə, istək və niyyətlərə malik ola biləcəyini anlamaq qabiliyyətinin daha yüksək olduğu müəyyən edilib.
Mütəxəssislərin fikrincə, xəyali dostlar uşaqlara real həyatda qarşılaşdıqları sosial çətinlikləri təhlükəsiz mühitdə sınaqdan keçirməyə imkan verir. Məsələn, uşaq xəyali dostu ilə mübahisə edərək, üzr istəyərək və ortaq razılığa gələrək real münasibətlərdə də istifadə edə biləcəyi davranışları məşq edə bilər.
Araşdırmalar bu təcrübənin autizmli uşaqlar üçün də faydalı ola biləcəyini göstərir. 124 autizmli uşağın valideynləri arasında keçirilən sorğuda iştirakçıların 49 faizi övladlarının 1-11 yaş arasında xəyali dost yaratdığını bildirib. Alimlər belə ünsiyyətin sosial münasibətləri anlamaq və yeni dostluqlar qurmaq bacarıqlarının inkişafına kömək edə biləcəyini qeyd edirlər.
Xəyali dostlar yalnız uşaqlıq dövrü ilə məhdudlaşmır. Tədqiqatçı Treysi Qlisonun hələ elmi rəy mərhələsində olan araşdırmasına əsasən, xəyali dostu olduğunu bildirən 56 yetkin iştirakçının 68 faizi bu obrazı 20 yaşına çatmamış yaradıb, təxminən 30 faizi isə yetkinlik dövründə xəyali dost qazanıb.
Mütəxəssislər bildirirlər ki, yetkin insanlar da xəyali dostlardan emosional dəstək almaq, işlə bağlı çətin söhbətləri məşq etmək, təqdimatlara hazırlaşmaq və gündəlik stressi azaltmaq üçün istifadə edə bilərlər.
02:20 10.11.2026
Oxunuş sayı: 22