Süni intellekt yadplanetli həyatın izlərini tapmağa kömək edə bilər
Yaponiya və ABŞ alimləri yadplanetli həyatın izlərini axtarmağa kömək edə biləcək yeni cihaz hazırlayıblar. Qurğu elektrik cərəyanından istifadə etməklə amin turşularının ayrı-ayrı molekullarını tanıyır və onların növünü müəyyənləşdirir.
Crossmedia.az xəbər verir ki, tədqiqatın nəticələri “Nature Communications” jurnalında dərc olunub.
Osaka Universitetinin ABŞ-dan olan həmkarları ilə birgə hazırladığı cihaz amin turşularının molekullarını bir-birindən fərqləndirməyə imkan verir. Amin turşuları canlı orqanizmlərin fəaliyyəti üçün zəruri olan zülalların əsas tərkib hissələridir.
Bu maddələr quruluş baxımından bir-birinin güzgü əksi olan iki formada mövcuddur. Yer üzündəki canlı orqanizmlər əsasən bu formalardan birindən istifadə edir. Cansız təbiətdə isə hər iki forma, adətən, bərabər miqdarda olur. Buna görə də nümunədə formalardan birinin üstünlük təşkil etməsi mümkün həyat əlamətlərindən biri hesab edilə bilər.
Yeni cihaz molekulun hansı formaya aid olduğunu elektrik cərəyanındakı dəyişikliklərə əsasən müəyyənləşdirir. Bunun üçün alimlər ucları arasında olduqca kiçik boşluq olan nazik qızıl naqildən istifadə ediblər. Molekul həmin boşluqdan keçərkən elektrik cərəyanında ani dəyişiklik yaranır. Bu dəyişikliklər süni intellekt vasitəsilə öyrədilmiş kompüter proqramı tərəfindən təhlil edilir.
Tədqiqatçılar cihazı 19 növ amin turşusu üzərində sınaqdan keçiriblər. Nəticələr göstərib ki, qurğu molekulların növünü orta hesabla 88 faiz dəqiqliklə müəyyən edə bilir.
Daha sonra cihaz Avstraliyada tapılmış Mörçison meteoritinin fraqmenti və Çilidəki Atakama səhrasından götürülmüş torpaq nümunəsi üzərində yoxlanılıb. Bu səhranın bəzi təbii şəraitinin Mars mühitinə bənzədiyi bildirilir. Cihaz nümunələrin tərkibindəki bəzi xüsusiyyətləri müəyyənləşdirə bilsə də, əldə edilən nəticələrin bir qismi standart laboratoriya avadanlıqlarının göstəricilərindən fərqlənib.
Alimlər vurğulayırlar ki, amin turşularının bir formasının üstünlük təşkil etməsi özlüyündə həyatın mövcudluğunu sübut etmir. Bunun üçün maddənin digər xüsusiyyətləri də araşdırılmalıdır.
Hazırda cihaz yalnız laboratoriya prototipi kimi mövcuddur. Tədqiqatçılar gələcəkdə onun ölçülərini kiçildərək kosmik tədqiqatlarda istifadəyə uyğunlaşdırmağı planlaşdırırlar. Texnologiya Marsda, asteroidlərdə və planetlərin buzla örtülü peyklərində torpaq və digər nümunələrin birbaşa təhlilinə imkan verə bilər.
14:06 10.11.2026
Oxunuş sayı: 8