Kərki ilə bağlı sensasion proqnoz: Ermənistan nəyə hazırlaşır?
Azərbaycanın Kərki kəndi Azərbaycan-Ermənistan münasibətlərinin həllini gözləyən ən həssas məsələlərindən biri olaraq qalır. 1990-cı illərin əvvəllərində Ermənistanın nəzarətinə keçən və Azərbaycanın əsas ərazisi ilə birbaşa quru əlaqəsi kəsilən bu yaşayış məntəqəsinin taleyi təkcə ərazi bütövlüyü məsələsi deyil, həm də Naxçıvanın təhlükəsizliyi və regionun geosiyasi gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar davam etdiyi bir vaxtda Kərkinin taleyi, onun Azərbaycana qaytarılması məsələsi yenidən diqqət mərkəzinə gəlir. Bəs Kərkinin strateji əhəmiyyəti nədən ibarətdir və bu kəndin taleyi sülh prosesinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Crossmedia.az-a açıqlamasında qeyd edib ki, bu məsələ hələ də açıq qalır: “Bu isə o deməkdir ki, Azərbaycan və Ermənistan arasında müharibə vəziyyəti tam başa çatmayıb. Azərbaycan tərəfinin sülh müqaviləsinin imzalanması ilə bağlı bir sıra şərtləri var. Həmin şərtlərdən biri də Kərki kəndinin Azərbaycana qaytarılmasıdır. Məsələyə digər tərəfdən yanaşsaq, Kərkinin bugünkü anklav vəziyyətinə düşməsinin əsas səbəbkarı o dövrdəki Sovet hakimiyyətidir. Çünki Kərki ilə Naxçıvan arasında müəyyən ərazilər var idi və həmin ərazilər Sovet hakimiyyəti dövründə Ermənistana icarəyə verilmişdi. Məhz bu icarə münasibətlərindən sonra Ermənistan tərəfi həmin ərazilər üzərində müəyyən hüquqlarının olduğunu iddia etməyə başladı və nəticədə Kərki anklav vəziyyətinə düşdü. Bu kənd strateji baxımdan da kifayət qədər mühüm əhəmiyyətə malikdir. Ermənistanın demək olar ki, İran istiqamətində uzanan əsas nəqliyyat-kommunikasiya xətlərindən biri həmin ərazidən keçir. Bu kommunikasiya xətti yüksəklikdə yerləşir və ona nəzarət etmək strateji üstünlük yaradır. Kərki isə elə bir coğrafi mövqedə yerləşir ki, kəndin qarşısından həmin kommunikasiya xətti keçir. Başqa sözlə, bu əraziyə müxtəlif istiqamətlərdən müdaxilə etmək imkanları məhduddur”.
S.Cəlaloğlu qeyd edib ki, Kərki ermənilər tərəfindən hərbi yolla işğal edilməyib: “Həmin dövrdə kəndin sakinləri və yerli əhali ərazini tərk etməyə məcbur olublar. Sadəcə olaraq, orada müəyyən hərbi və təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi ilə bağlı vəziyyət yaranıb. Azərbaycan hökuməti dəfələrlə Kərki məsələsini gündəmə gətirsə də, Ermənistan tərəfi bu məsələnin həllinə və ərazinin Azərbaycana qaytarılmasına hazır olduğunu nümayiş etdirmir. Beləliklə, sülh müqaviləsinin hələ də imzalanmamasının səbəblərindən biri də tərəflər arasında həllini gözləyən bu kimi məsələlərin mövcudluğudur. Digər tərəfdən, hesab etmirəm ki, Qarabağ problemi tamamilə həll olunub və artıq tarixə qovuşub. Bəli, Qarabağın Azərbaycan suverenliyi qaytarılıb və Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Lakin erməni məsələsi hələ də müəyyən mənada Qarabağ mövzusu ilə əlaqələndirilərək beynəlxalq müstəvidə gündəmə gətirilir. Müxtəlif ölkələrdə və beynəlxalq platformalarda ermənilərin Qarabağa qayıtması ilə bağlı fikirlər səsləndirilir. Ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası məsələsi də ölkəmiz üçün gələcəkdə ciddi siyasi çağırışlardan birinə çevrilə bilər. Çünki erməni icmasının Azərbaycanda mövcud olmaması, onların gələcəkdə müəyyən siyasi və təşkilati tələblərlə çıxış etməsinə, bu məsələdən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunmasına zəmin yarada bilər. Məhz buna görə də ermənilərin Azərbaycana qayıtması, onların hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi kimi məsələlər beynəlxalq səviyyədə vaxtaşırı gündəmə gətirilir”.
Ayhan
16:20 11.11.2026
Oxunuş sayı: 51