“OpenAI”ın gəliri 10 milyard dollara çatsa da, zərəri artır
“ChatGPT”nin yaradıcısı “OpenAI” şirkətinin 2026-cı ilin üçüncü rübündə gəliri 50 faiz artaraq 10 milyard dollara çatıb. Bununla belə, şirkətin əməliyyat zərəri 10,9 milyard dollara yüksəlib.
Crossmedia.az xəbər verir ki, “The Wall Street Journal” nəşri bu barədə investorlarla paylaşılan maliyyə sənədlərinə istinadən məlumat yayıb.
Məlumata görə, şirkətin düzəliş edilmiş əməliyyat mənfəətliliyi göstəricisi (marjası) əvvəlki rübdəki mənfi 150 faizdən mənfi 109 faizə yüksəlib.
Göstəricinin yaxşılaşmasına baxmayaraq, “OpenAI”ın düzəliş edilmiş əməliyyat zərəri ikinci rübdəki 10,1 milyard dollardan üçüncü rübdə 10,9 milyard dollara çatıb.
Nəşr qeyd edir ki, şirkətin gəlirlərinin sürətlə artması hələlik onun mənfəətlə işləməsini təmin etmir.
Maliyyə nəticələrinə əsasən, “OpenAI” süni intellekt texnologiyalarının inkişafı, hesablama infrastrukturu və məhsullarının genişləndirilməsi istiqamətində böyük xərclər çəkməyə davam edir.
Qeyd edək ki, açıqlanan düzəliş edilmiş əməliyyat zərəri səhmlər əsasında verilən kompensasiya xərclərini əhatə etmir.
16:57 11.11.2026
Oxunuş sayı: 40