NATO qərargahında Rusiya casusu şübhəsi: ABŞ hərbçisi saxlanılıb
Böyük Britaniyada NATO qərargahında xidmət edən 41 yaşlı ABŞ hərbçisi Rusiya xeyrinə casusluq etməkdə şübhəli bilinərək saxlanılıb.
Crossmedia.az xəbər verir ki, “Sky News” telekanalı bu barədə məlumat yayıb.
Adı açıqlanmayan hərbçi noyabrın 10-da İngiltərənin Qloster şəhəri yaxınlığında keçirilən əməliyyat zamanı saxlanılıb.
Məlumata görə, şübhəli NATO-nun Müttəfiq Sürətli Reaksiya Korpusunun qərargahının yerləşdiyi “Imjin Barracks” hərbi bazasında xidmət edib.
O, Böyük Britaniyanın 2023-cü il Milli Təhlükəsizlik Qanunu çərçivəsində məxfi məlumatların əldə edilməsi və ya açıqlanması, eləcə də xarici kəşfiyyat xidmətinə yardım göstərilməsi ilə bağlı əməllərdə şübhəli bilinir.
İstintaq çərçivəsində Qlosterşir bölgəsində iki ünvanda axtarış aparılıb. Hərbçinin hazırda Londondakı polis bölməsində saxlanıldığı bildirilir.
Araşdırma Britaniya hüquq-mühafizə orqanları, ABŞ Federal Təhqiqat Bürosu (FTB) və ABŞ ordusunun birgə əməkdaşlığı ilə aparılır.
ABŞ Ordusunun Əks-kəşfiyyat Komandanlığının rəhbəri, briqada generalı Şon Stinçon bildirib ki, saxlanılan hərbçiyə həssas məlumatlara çıxış imkanı verilib.
Onun sözlərinə görə, hadisə məxfi məlumatlara çıxışı olan şəxslərin yarada biləcəyi daxili təhlükələrin ciddiliyini bir daha göstərir.
FTB direktoru Kaş Patel də casusluqla bağlı iddiaların ABŞ və müttəfiqləri üçün ciddi narahatlıq doğurduğunu vurğulayıb.
Hadisə ilə bağlı istintaq davam edir. Hərbçinin təqsiri hələlik məhkəmə qaydasında sübuta yetirilməyib.
17:36 11.11.2026
Oxunuş sayı: 43