Bayden səhhətindən danışdı: Hər gün 8 dərman qəbul edirəm
ABŞ-nin sabiq Prezidenti Co Bayden xərçəng xəstəliyi ilə mübarizəsinin davam etdiyini, lakin son müayinələrdə xəstəliyin bədəninin digər nahiyələrinə daha çox yayılmasının aşkarlanmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, “People” jurnalı bu barədə məlumat yayıb.
83 yaşlı sabiq prezident dördüncü mərhələdə prostat xərçəngindən müalicə aldığını, şüa terapiyasını başa vurduğunu və hazırda hormonal müalicə keçdiyini açıqlayıb.
“Xərçəng diaqnozu qoyulmuş, xüsusilə də mənim xəstəliyimə bənzər xərçəng növü olan bir çox insan daha 10-20 il yaşayır. Əbədi yaşayacağımı demirəm, amma əsas məsələ odur ki, özümü yaxşı hiss edirəm”, – deyə Bayden bildirib.
O, gündəlik olaraq səkkiz müxtəlif dərman qəbul etdiyini də qeyd edib.
“İndiyədək aparılan iki müayinə xərçəngin əvvəlkindən daha geniş yayılmadığını göstərib. Bu, gələcəkdə yayılmayacağı demək deyil, amma hazırda əlavə yayılma aşkarlanmayıb”, – deyə sabiq prezident vurğulayıb.
Bayden həm zehni, həm də fiziki qabiliyyətlərini qoruduğunu bildirib.
“Zehni qabiliyyətlərim yerindədir. Fiziki imkanlarımı da qoruyuram. Buna görə ümidliyik. Mənim iki çox yaxşı onkoloqum var və onlar da ümidlidirlər”, – deyə o əlavə edib.
Qeyd edək ki, Co Baydenə 2025-ci ilin mayında sümüklərə metastaz vermiş dördüncü mərhələ prostat xərçəngi diaqnozu qoyulduğu açıqlanıb.
17:11 11.11.2026
Oxunuş sayı: 33