İtaliyada bomba həyəcanı: 300-dən çox məktəb təxliyə edilib
İtaliyada yüzlərlə məktəbə partlayış təhlükəsi ilə bağlı elektron məktublar göndərilməsi nəticəsində 300-dən çox təhsil müəssisəsi təxliyə edilib.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə məlumat yayıb.
Hadisə noyabrın 11-də baş verib. Ölkə üzrə məktəblərə eyni məzmunlu, binalara partlayıcı qurğuların yerləşdirildiyini iddia edən elektron məktublar göndərilib.
İtaliyanın təhsil naziri Cüzeppe Valditara “La7” telekanalına açıqlamasında təhdidlərin böyük ehtimalla saxta olduğunu bildirib. O, belə mesajlar alan məktəblərin sayının daha da arta biləcəyini qeyd edib.
Nazirin sözlərinə görə, yüzlərlə məktəbə eyni vaxtda təhdid göndərilməsi həmin xəbərdarlıqların inandırıcılığını azaldır.
Romadakı məktəblərdən biri valideynlərə göndərdiyi bildirişdə bütün şagirdlərin təhlükəsiz əraziyə köçürüldüyünü və müəllimlərin nəzarətində saxlanıldığını açıqlayıb.
“Reuters”in əldə etdiyi elektron məktubun “Mizoginistan vilayətinin lideri Mixail Andropov” adı ilə imzalandığı müəyyənləşib.
Eyni adla noyabrın 6-da İrlandiya və Bolqarıstandakı media qurumlarına da partlayış təhdidləri göndərildiyi bildirilir.
Hadisələr Avropada supermarketlərə, qan banklarına, hava hərəkətinin idarəetmə sistemlərinə və televiziya şirkətlərinə yönəlmiş təhdidlər fonunda baş verir.
İtaliya hüquq-mühafizə orqanları elektron məktubların mənbəyini və təhdidlərin arxasında dayanan şəxsləri müəyyənləşdirmək üçün araşdırmaya başlayıb.
17:52 11.11.2026
Oxunuş sayı: 60