ABŞ hələ İranın mesajına cavab verməyib - Qalibaf
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ ilə razılığın əldə olunmamasının əsas səbəbləri kimi Vaşinqtona inamsızlığı və ABŞ tərəfinin irəli sürdüyü həddindən artıq tələbləri göstərib.
Crossmedia.az xəbər verir ki, Qalibaf bu barədə Qətərdə yerləşən “Əl-Cəzirə” telekanalına açıqlamasında bildirib. Onun sözlərinə görə, İran Hörmüz boğazının açılması üçün irəli sürdüyü yeddi şərtin hamısının ABŞ tərəfindən yerinə yetirilməsini tələb edir. Qalibaf qeyd edib ki, Tehran qanuni tələblərini əks etdirən cavabını Vaşinqtona açıq şəkildə çatdırsa da, ABŞ hələ buna rəsmi və aydın cavab verməyib.
İran parlamentinin sədri ABŞ prezidenti Donald Trampın ölkəsinə qarşı yeni hücuma qərar verəcəyi təqdirdə yenidən məğlubiyyətlə üzləşəcəyini iddia edib. O, həmçinin ABŞ-nin Rusiya prezidenti Vladimir Putindən danışıqlar aparmaq üçün İranla birbaşa əlaqə yaratmasını xahiş etdiyini bildirib. Bu iddia ilə bağlı əlavə təfərrüat açıqlanmayıb.
Qalibaf vurğulayıb ki, İran “nə müharibə, nə də sülh” vəziyyətində qalmaq istəmir. Onun sözlərinə görə, bu vəziyyətdən çıxışa yalnız danışıqlar yolu ilə deyil, həm də davamlı çəkindirmə siyasəti vasitəsilə nail olmaq mümkündür.
22:34 11.11.2026
Oxunuş sayı: 23