Yüksək təzyiqi olanlar şəkərdən tam imtina etməli deyil
Yüksək qan təzyiqindən əziyyət çəkən insanların şəkərdən tamamilə imtina etməsinə ehtiyac yoxdur. Əsas təhlükə şirniyyatın özündə deyil, onun həddindən artıq istehlakındadır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Gazeta.Ru”ya açıqlamasında Piroqov Universitetinin poliklinik terapiya kafedrasının assistenti, terapevt və kardioloq Alina Qavrilova bildirib.
Həkimin sözlərinə görə, şəkərin normadan artıq qəbulu artıq çəkiyə və şəkərli diabet riskinin artmasına səbəb olur. Bu amillər isə qan təzyiqinə nəzarəti çətinləşdirə bilər. O qeyd edib ki, ara-sıra şokolad və ya desert yemək problem yaratmır, lakin şirin içkilərin, davamlı şirniyyat qəlyanaltılarının və əlavə şəkərin həddindən artıq istifadəsinin məhdudlaşdırılması vacibdir.
Mütəxəssis vurğulayıb ki, yüksək təzyiqi olanlar üçün qidalanmada daha çox diqqət yetirilməli məqamlardan biri duz istehlakıdır. Ümumdünya Səhiyyə Təşkilatı gündəlik duz qəbulunun 5 qramı, yəni təxminən bir çay qaşığını keçməməsini tövsiyə edir.
Bu normaya yalnız yeməklərə əlavə edilən duz deyil, çörək, pendir, kolbasa və hazır məhsulların tərkibində olan duz da daxildir.
05:03 12.11.2026
Oxunuş sayı: 31