"Microsoft"un qlobal nasazlığı 74 ölkədə problem yaratdı – Dövlət qurumları da təsirləndi
ABŞ-nin texnologiya nəhəngi "Microsoft"un xidmətlərində yaranan genişmiqyaslı texniki nasazlıq 74 ölkədə ciddi problemlərə səbəb olub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, 12 saatdan artıq davam edən kəsinti dövlət qurumlarının saytlarına, elektron poçt xidmətlərinə və digər rəqəmsal platformalara çıxışı çətinləşdirib.
Məlumata görə, "Microsoft" 365, "Outlook" və "Teams" xidmətlərində yaranan problemlər nəticəsində istifadəçilər elektron poçtlarına daxil olmaqda, məktub göndərməkdə və onlayn görüşlər keçirməkdə çətinlik çəkiblər.
Şirkət problemin bir neçə regionda serverlərin gözlənilmədən sıradan çıxması nəticəsində yarandığını açıqlayıb. Bu vəziyyət işlək serverlərin üzərinə düşən yükü artıraraq bağlantı xətalarına səbəb olub.
Nasazlığın aradan qaldırılması üçün "Microsoft" bəzi serverləri yenidən işə salıb, məlumat trafikini alternativ infrastruktura yönləndirib. Lakin şirkətin tətbiq etdiyi ilkin tədbirlər gözlənilən nəticəni verməyib.
Bundan əlavə, nasazlıq Microsoft-un xidmətləri ilə inteqrasiya olunmuş digər platformalara da təsir göstərib. "OpenAI" və "Anthropic" şirkətləri bəzi alətlərində problemlər yarandığını açıqlayıblar.
Kəsintinin dövlət qurumlarının, biznes strukturlarının və müxtəlif təşkilatların fəaliyyətinə də təsir etdiyi bildirilir. Avstraliyanın kəşfiyyat qurumu və federal polisi də nasazlıqdan zərər çəkən təşkilatlar arasında olub.
"Microsoft" problemin kiberhücum nəticəsində yarandığına dair hər hansı əlamət olmadığını bildirib. Şirkət xidmətlərin bərpası istiqamətində işlərin davam etdiyini, bəzi regionlarda yaxşılaşma müşahidə olunduğunu açıqlayıb. Bununla belə, bütün xidmətlərin tam bərpası hələ təmin edilməyib.
19:51 13.11.2026
Oxunuş sayı: 98