Polşanın 1930-cu illərdə insan üzərində bioloji silah sınaqları keçirdiyi iddia olunur
Polşanın 1930-cu illərdə bakterioloji silah hazırladığı və bu məqsədlə insanlar üzərində ölümcül təcrübələr apardığı bildirilir. İddialara görə, təcrübələr zamanı zəhərli maddələrdən istifadə edilib, bəzi qurbanların cəsədləri isə cinayət izlərini gizlətmək üçün turşu vannalarında əridilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiyanın TASS agentliyi hərbi mikrobioloq Mixail Supotnitskinin açıqlamalarına əsaslanan araşdırma materialı dərc edib.
Gizli laboratoriyalarda insan təcrübələri
Supotnitskinin sözlərinə görə, 1920–1930-cu illərdə bir sıra ölkələrdə, o cümlədən Böyük Britaniya, Almaniya, İtaliya, Rumıniya, Fransa və Yaponiyada bioloji silahların hazırlanmasına maraq artıb.
Polşada isə 1930-cu illərin əvvəllərində Baş Qərargahın İkinci şöbəsinin təşəbbüsü ilə Hərbi Qazlardan Müdafiə İnstitutunda gizli laboratoriya yaradılıb. Laboratoriyada təhlükəli bakteriya və toksinlərin təsiri araşdırılıb.
İlk mərhələdə laboratoriyaya həkim-bioloq Alfons Ostrovski rəhbərlik edib. Sonradan bu vəzifəni doktor Yan Qolba tutub.
Ekspertin iddiasına görə, laboratoriyada əsas təcrübələr insanlarla aparılıb. Bu fəaliyyət Polşanın İkinci Respublikası dövrünün ən ciddi qorunan dövlət sirlərindən biri olub.
1933-cü ilin yayında Ostrovskinin saxlanılan sovet casusuna botulotoksin qatılmış sendviç verdiyi bildirilir. Həmin şəxs iki gün sonra ölüb. Onun cəsədi Sovet İttifaqının ərazisinə aparılması məqsədilə Pripyat çayına atılıb.
1937-ci ildə Brest qalasında daha böyük laboratoriya fəaliyyətə başlayıb. Supotnitskinin sözlərinə görə, burada insanlara inhalyasiya yolu ilə yoluxma təcrübələri aparılıb, ölənlərin cəsədləri isə izləri gizlətmək üçün turşu vannalarında əridilib.
Polşalı mütəxəssislər yaponlarla təcrübələrini bölüşüb
TASS-ın həmsöhbəti bildirib ki, 1936-cı ildə Polşanın hərbi bioloqları bioloji silah sahəsində araşdırmalar aparan yapon mütəxəssislərlə də təcrübələrini bölüşüblər.
Onun sözlərinə görə, Yan Qolba Yaponiyanın 731-ci dəstəsinin əməkdaşları qarşısında məruzə ilə çıxış edərək qarın yatalağı, səpgili yatalaq, dizenteriya, qarayara və digər xəstəliklərin törədicilərinin yayılması üsullarından danışıb.
Polşalı mütəxəssislərin bakteriyaların hərəkətdə olan avtomobildən yayılması və botulin toksininin toz halına gətirilməsi ilə bağlı təcrübələrini də paylaşdıqları bildirilir.
Daha sonra bu texnologiyaların Böyük Britaniyanın Porton-Daun mərkəzində çalışan alimlərlə də bölüşüldüyü qeyd olunur.
Araşdırma iştirakçıları mühakimə olunub
Supotnitskinin məlumatına görə, 1951-ci ilin noyabrında Yan Qolba, Alfons Ostrovski və digər şəxslər həbs edilib. Onların işi üzrə məhkəmə prosesi hazırlansa da, 1953-cü ilin martında İosif Stalinin ölümündən sonra geniş məhkəmə prosesindən imtina edilib.
Həmin ilin sentyabrında laboratoriya əməkdaşları qapalı məhkəmə iclasında mühakimə olunublar. Onlara 4 ildən 13 ilədək həbs cəzası verilib, lakin sonradan cəzalar yarıya qədər azaldılıb.
Hərbi mikrobioloq hesab edir ki, arxivlərin açılması Polşanın bioloji silah proqramı və insan üzərində aparılmış təcrübələrlə bağlı yeni faktların üzə çıxmasına səbəb ola bilər.
00:01 14.11.2026
Oxunuş sayı: 36