Rusiyada bataqlıq ərazidə “Qırmızı kitab”a düşən 14 heyvan növü aşkarlanıb
Rusiyanın Kuplanq bataqlığında nadir və nəsli kəsilmək təhlükəsi altında olan 14 heyvan növü aşkarlanıb. Onlardan dördü Rusiya Federasiyasının “Qırmızı kitab”ına da daxil edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.
Belə ki, Kilemar rayonunda, Rutka və Bolşaya Koşaqa çayları arasında yerləşən Kuplanq bataqlığının ekoloji vəziyyətini qiymətləndirmək məqsədilə genişmiqyaslı araşdırma aparılıb.
Sahəsi 5 778,4 hektar olan təbiət ərazisində mütəxəssislər 72 fəsiləyə aid 289 bitki növü, 34 göbələk və 17 şibyə növü qeydə alıblar. Şibyələrdən biri Mari Elin “Qırmızı kitab”ına daxil edilib.
Araşdırma zamanı ərazidə ümumilikdə 136 onurğalı heyvan növünün yaşadığı müəyyənləşdirilib. Onların 99-u quş, 28-i məməli, 5-i sürünən, 4-ü isə suda-quruda yaşayan heyvanlardır.
Araşdırmanın nəticələrinin xüsusi mühafizə olunan təbiət ərazilərinin regional kadastrına daxil ediləcəyi bildirilib. Bu məlumatların nadir növlərin qorunması və ərazidə ekoloji monitorinqin aparılması üçün istifadə olunacağı gözlənilir.
22:11 13.11.2026
Oxunuş sayı: 78