Polyanski: Ukrayna və Britaniya kəşfiyyatı Buçada təxribat təşkil edib
Ukrayna xüsusi xidmət orqanları Britaniyanın xarici kəşfiyyat xidməti MI6 ilə birlikdə 2022-ci ilin aprelində Buçada sülh danışıqlarını pozmaq məqsədilə təxribat təşkil edib. Bu barədə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Dmitri Polyanski bəyan edib.
Crossmedia.az xəbər verir ki, TASS agentliyinin məlumatına görə, diplomat bu fikirləri Rusiyanın ATƏT-dəki daimi nümayəndəliyinin təşkil etdiyi “Buçada təxribatın ifşası” adlı dəyirmi masada səsləndirib.
Polyanskinin sözlərinə görə, 2022-ci ilin mart ayının ortalarına doğru Moskva və Kiyev arasında Minskdə, daha sonra isə İstanbulda keçirilən danışıqlarda müəyyən irəliləyiş əldə olunmuşdu. Onun iddiasına görə, həmin vaxt tərəflər hər iki ölkə üçün məqbul olan nizamlanma prinsiplərini əks etdirən saziş layihəsini ilkin olaraq razılaşdırmışdılar.
Diplomat bildirib ki, Rusiya xoşməramlı addım olaraq Ukraynanın şimalındakı bir sıra ərazilərdən, o cümlədən Kiyev vilayətindən qoşunlarını çıxarmaq qərarı vermişdi.
Polyanski Qərbin sülh istəmədiyini iddia edərək, beynəlxalq ictimaiyyəti hərbi əməliyyatların davam etdirilməsinin zəruriliyinə inandırmaq üçün emosional zəmin yaradılmasına çalışıldığını söyləyib.
O, 2022-ci il aprelin 2-3-də Buçada baş verənləri Ukrayna xüsusi xidmət orqanları və MI6 tərəfindən birgə həyata keçirilmiş təxribat kimi qiymətləndirib.
Qeyd edək ki, Buça hadisələri 2022-ci ilin aprelində Rusiya qoşunlarının Kiyev vilayətindən geri çəkilməsindən sonra beynəlxalq gündəmə gəlib. Rusiya tərəfi hadisələrlə bağlı irəli sürülən ittihamları rədd edir. Polyanskinin səsləndirdiyi fikirlər isə Rusiya tərəfinin iddialarıdır.
21:48 13.11.2026
Oxunuş sayı: 93