Bakı və Ankara arasında əməkdaşlığın qorunması niyə xüsusu əhəmiyyətlidir? - Müsahibə
Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı səfərlər və strateji əməkdaşlıq münasibətlərin gündəliyini müəyyənləşdirməkdə davam edir. Noyabrın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfəri, bir neçə gün sonra Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfər etməsi Bakı-Ankara əlaqələrinin intensivliyini bir daha gündəmə gətirib. Xüsusilə COP31 çərçivəsində keçirilən görüşlər və dörd ölkə arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişinin imzalanması əməkdaşlığın yeni istiqamətlərini ortaya qoyur. Bəs qarşılıqlı səfərlərin siyasi və diplomatik əhəmiyyəti nədən ibarətdir? Yeni enerji sazişi Azərbaycanın regional və Avropa enerji təhlükəsizliyində roluna necə təsir göstərəcək? Bu məsələlərlə bağlı müsahibəmizdə ətraflı danışmışıq.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Könül Nurullayeva Crossmedia.az-a müsahibə verib:
– Prezident İlham Əliyevin noyabrın 10–11-də Türkiyəyə səfərini necə qiymətləndirirsiniz?
– Prezident İlham Əliyevin noyabrın 10–11-də Türkiyəyə səfəri, ondan əvvəl isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabrın 8-də Azərbaycana rəsmi səfər etməsi iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Dövlət başçımızın Antalyada COP31 Liderlər Sammitində iştirakı, Türkiyə Prezidenti tərəfindən səmimi qarşılanması diqqət və ehtiramın göstəricisidir. Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Şuşada keçirilən görüşlər, prezidentlərin təkbətək müzakirələri və mətbuata verdikləri bəyanatlar mühüm siyasi mesajlarla yadda qaldı.
– Bu səfərlərin ardıcıl şəkildə baş tutması iki ölkə arasındakı münasibətlərin mövcud durumu barədə nə deyir?
– Dünya bu gün müxtəlif münaqişələr, geosiyasi qarşıdurmalar və maraq toqquşmaları ilə çalxalanır. Belə bir şəraitdə Bakı və Ankara arasında əməkdaşlığın qorunması, dialoqun inkişaf etdirilməsi və ortaq mövqelərin uzlaşdırılması xüsusi əhəmiyyət daşıyır. Çünki iki ölkənin münasibətləri bütövlükdə Cənubi Qafqaz və Türk dünyası üçün mühüm nəticələr doğurur.
– İki dövlət arasında son günlərdəki səfərlərdən sonra dünya qardaşlıq nümunəsi görür. Bu haqda nə deyə bilərsiniz?
– Bu münasibətlərin əsas istiqamətləri enerji, nəqliyyat, müdafiə, iqtisadiyyat, təhlükəsizlik və beynəlxalq təşkilatlarda əməkdaşlıqdır. Eyni zamanda, COP31 çərçivəsində İlham Əliyevin Türkiyəyə səfəri ekoloji problemlər, iqlim dəyişmələri və qlobal əməkdaşlıq kimi məsələlərdə də iki ölkənin təmaslarını genişləndirmək imkanı yaratdı. Ümumiyyətlə, Azərbaycanın bu prosesdə xüsusi təcrübəsi də var. Ölkəmiz 2024-cü ildə COP29-a ev sahibliyi etməklə qlobal iqlim diplomatiyasının təşkilində mühüm məsuliyyət daşıyıb. Bakı sammiti zamanı iqlim maliyyələşdirilməsi, inkişaf etməkdə olan ölkələrin ehtiyacları, enerji keçidi və beynəlxalq əməkdaşlıq məsələləri geniş müzakirə olundu. COP29 təcrübəsi isə Azərbaycanın iqlim danışıqları sahəsində qazandığı institusional və diplomatik təcrübənin formalaşmasına töhfə verdi.
– COP31 çərçivəsində imzalanan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişinin Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?
– Təsadüfi deyil ki, Antalyada COP31 çərçivəsində “Azərbaycan Respublikası, Bolqarıstan Respublikası, Gürcüstan və Türkiyə Respublikası hökumətləri arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalandı. Bu təşəbbüs Azərbaycanın bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin Türkiyə və Avropa bazarlarına ixracına, tərəfdaş ölkələrin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və ölkəmizin regionlararası elektrik enerjisi qovşağına çevrilməsinə töhfə verəcək.
Ayhan
14:00 13.11.2026
Oxunuş sayı: 41