Azərbaycan Avropaya qaz ixracını artırır
Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu getdikcə artır.
Bakıdan İtaliyaya qədər uzanan və yeddi ölkənin ərazisindən keçərək Avropa
İttifaqının on ölkəsinə qaz çatdıran boru kəmərinin tam gücü ilə işləməsi
ölkənin enerji ixracı strategiyası baxımından mühüm göstəricidir. Prezident
İlham Əliyevin noyabrın 12-də Dublində “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə
Toplantısı çərçivəsində keçirilən “Rəqabətqabiliyyətli Avropanın yaradılması –
innovasiya, bağlantılar və əlçatan enerji” mövzusunda dəyirmi masada
səsləndirdiyi fikirlər Azərbaycanın Avropa enerji bazarındakı mövqeyinin
genişləndirilməsi məsələsini yenidən gündəmə gətirib.
Dövlət başçısının açıqlamasına görə, Yunanıstana və İtaliyaya gedən qaz
kəmərinin ötürmə gücü 10 milyard kubmetrdən 11,2 milyard kubmetrə çatdırılıb.
Bu, mövcud infrastrukturun genişləndirilməsi istiqamətində atılan addımlardan
biridir. Eyni zamanda, Azərbaycanın qaz təchizatını artırmaq niyyətində olması və
yeni yataqların kəşf edilməsi gələcək ixrac imkanları baxımından əhəmiyyət
daşıyır.
Lakin burada diqqət çəkən əsas məsələ təkcə qaz ixracının həcminin
artırılması deyil. Mövcud boru kəmərinin tam yüklənməsi Azərbaycanın qarşısında
yeni iqtisadi və infrastruktur çağırışları da yaradır. Əgər Avropa bazarında
Azərbaycan qazına tələbat artırsa, bu tələbatı qarşılamaq üçün hasilat
imkanlarının genişləndirilməsi ilə yanaşı, nəqliyyat infrastrukturuna da əlavə
investisiyalar tələb olunacaq. Başqa sözlə, yeni qaz yataqlarının istismara
verilməsi, hasilatın artırılması və ixrac marşrutlarının genişləndirilməsi
bir-biri ilə əlaqəli proseslərdir.
Digər tərəfdən, enerji ixracının artması ölkəyə əlavə valyuta daxilolmaları,
dövlət büdcəsinin gəlirləri və tədiyə balansının möhkəmlənməsi baxımından
imkanlar yarada bilər. Bununla belə, enerji sektorundan əldə olunan gəlirlərin
iqtisadiyyatın digər sahələrinə yönəldilməsi, qeyri-neft sektorunun inkişafı və
uzunmüddətli iqtisadi dayanıqlılığın təmin edilməsi də mühüm məsələ olaraq
qalır.
Prezidentin Azərbaycanın emal müəssisələrinin ümumi istehsal həcminin 30
milyon ton təşkil etdiyini bildirməsi də ölkənin enerji və sənaye potensialının
daha geniş müstəvidə qiymətləndirilməsini zəruri edir. Çünki enerji
resurslarının ixracı ilə yanaşı, onların emalı, əlavə dəyər yaradan məhsulların
istehsalı və sənaye imkanlarının genişləndirilməsi iqtisadi baxımdan daha
yüksək gəlir əldə etmək üçün əhəmiyyətlidir.
Beləliklə, Azərbaycanın Avropaya qaz ixracını artırmaq planları yalnız enerji siyasəti məsələsi deyil, həm də ölkənin gələcək iqtisadi inkişafı, investisiya imkanları və beynəlxalq bazarlardakı rəqabət qabiliyyəti ilə birbaşa bağlıdır. Əsas sual isə budur: artan qaz hasilatı və ixrac imkanları ölkəyə nə qədər əlavə iqtisadi dividendlər qazandıra bilər və bu potensialdan uzunmüddətli inkişaf naminə necə istifadə olunmalıdır?
Məsələ ilə Crossmedia.az-a açıqlama verən Millət vəkili Azər Badamov bildirib ki, Azərbaycanın Avropanın
enerji təhlükəsizliyinin təmin olunmasında rolu son illərdə əhəmiyyətli
dərəcədə artmışdır:
“Bu gün ixrac etdiyimiz təbii qazın təxminən yarısının Avropa ölkələrinin
payına düşməsi Azərbaycanın Avropa enerji bazarında mühüm tərəfdaşlardan birinə
çevrildiyini göstərir.
Təbii ki, Azərbaycan qazına tələbatın artması ixrac həcmlərinin
genişləndirilməsini və mövcud infrastrukturun ötürücülük imkanlarının
artırılmasını zəruri edir. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Avropa
İttifaqının Rusiya qazından asılılığı azaltmaq siyasəti alternativ və etibarlı
enerji təchizatçılarına ehtiyacı daha da artırmışdır. Bu baxımdan Azərbaycan
Avropa üçün strateji əhəmiyyət daşıyan tərəfdaş kimi çıxış edir.
Prezident İlham Əliyevin Avropa İttifaqı və ayrı-ayrı Avropa ölkələrinin
rəhbərləri ilə görüşlərində enerji əməkdaşlığının genişləndirilməsi,
Azərbaycandan qaz tədarükünün artırılması məsələlərinin müzakirəsi bu
istiqamətin xarici siyasətimizin və iqtisadi əlaqələrimizin mühüm
prioritetlərindən biri olduğunu təsdiqləyir”.
Millət vəkili hesab edir ki, bu istiqamətdə əsas məsələlərdən biri Avropaya
qaz ixrac edən Cənub Qaz Dəhlizinin, xüsusilə Trans-Adriatik Boru Kəmərinin
ötürücülük imkanlarının genişləndirilməsi və mövcud infrastrukturun daha
səmərəli istifadəsidir:
“Bunun üçün yalnız boru kəmərlərinin texniki imkanlarının artırılması deyil,
həm də əlavə qaz hasilatına investisiyaların cəlb edilməsi, yeni yataqların
işlənməsi və uzunmüddətli alqı-satqı müqavilələrinin genişləndirilməsi
vacibdir.
Eyni zamanda Azərbaycanın Avropa ilə enerji əməkdaşlığını yalnız təbii qaz
ixracı ilə məhdudlaşdırmaması mühüm əhəmiyyət daşıyır. Bərpaolunan enerji
mənbələri hesabına istehsal olunan elektrik enerjisinin Avropaya ixracı ilə
bağlı planlarımızın reallaşdırılması ölkəmizin enerji tərəfdaşlığını yeni
mərhələyə çıxara bilər. Beləliklə, Azərbaycan Avropanın həm ənənəvi enerji
təchizatında, həm də yaşıl enerji keçidində iştirak edən mühüm tərəfdaş kimi
mövqeyini gücləndirə bilər.
Şübhəsiz ki, enerji əməkdaşlığının genişlənməsi Azərbaycanın geosiyasi
mövqeyinə, beynəlxalq nüfuzuna və Avropa ölkələri ilə iqtisadi əlaqələrinin
dərinləşməsinə də müsbət təsir göstərir. Bununla yanaşı, nəzərə almalıyıq ki,
enerji bazarında mövqeyimizin möhkəmlənməsi yalnız ixrac həcmlərinin
artırılması ilə deyil, həm də bu əməkdaşlığın uzunmüddətli iqtisadi
dividendlərinin təmin edilməsi ilə ölçülməlidir.
Mənim toxunmaq istədiyim ikinci mühüm məsələ məhz enerji sektorundan əldə
olunan əlavə gəlirlərin ölkə iqtisadiyyatının digər sahələrinin inkişafına
yönəldilməsidir.
Məlum olduğu kimi, neft və qaz sektorundan əldə edilən gəlirlərin mühüm
hissəsi Azərbaycan Dövlət Neft Fondunda toplanır. Bu vəsaitlərin bir hissəsi
dövlət büdcəsinə transfert edilir, digər hissəsi isə ölkənin strateji valyuta
ehtiyatlarının formalaşdırılmasına və investisiya fəaliyyətinə xidmət edir.
Lakin artan enerji gəlirlərinin əsas məqsədlərindən biri iqtisadiyyatın neft
və qaz sektorundan asılılığının mərhələli şəkildə azaldılması olmalıdır. Çünki
təbii sərvətlərdən əldə olunan gəlirlər tükənən resursların maliyyə kapitalına,
insan kapitalına və dayanıqlı iqtisadi inkişaf imkanlarına çevrilməsinə xidmət
etməlidir.
Bu baxımdan əlavə enerji gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi üçün
bir neçə istiqamətə xüsusi diqqət yetirilməsini vacib hesab edirəm.
İlk növbədə, həmin vəsaitlərin sənaye, kənd təsərrüfatı, emal sənayesi,
logistika və ixracyönümlü istehsal sahələrinə investisiya kimi yönəldilməsi
təşviq edilməlidir. Xüsusilə regionlarda yeni istehsal müəssisələrinin
yaradılması, kiçik və orta sahibkarlığın maliyyə resurslarına çıxışının
genişləndirilməsi iqtisadi fəallığın artmasına və yeni iş yerlərinin
yaranmasına şərait yarada bilər.
İkinci mühüm istiqamət insan kapitalına investisiyaların artırılmasıdır.
Təhsil, peşə hazırlığı, elmi tədqiqatlar, innovasiya və rəqəmsal texnologiyalar
sahəsinə yönəldilən vəsaitlər uzunmüddətli perspektivdə iqtisadiyyatın
məhsuldarlığını və rəqabət qabiliyyətini yüksəldə bilər.
Üçüncü istiqamət isə dövlət və özəl sektor arasında investisiya
əməkdaşlığının genişləndirilməsidir. Dövlət vəsaitlərinin özəl investisiyaları
cəlb edən, əlavə dəyər və ixrac potensialı yaradan layihələrə yönəldilməsi
iqtisadi resurslardan daha səmərəli istifadə etməyə imkan verər.
Eyni zamanda bu investisiyaların ayrılması zamanı iqtisadi səmərəlilik,
yaradılacaq iş yerlərinin sayı, ixrac potensialı və büdcəyə gələcək vergi
daxilolmaları kimi konkret meyarlar əsas götürülməlidir.
Azərbaycanın qarşısında duran əsas vəzifə enerji resurslarından əldə etdiyi üstünlükləri uzunmüddətli iqtisadi üstünlüyə çevirməkdir. Bu gün Avropaya qaz ixracının genişləndirilməsi ölkəmiz üçün yeni iqtisadi və geosiyasi imkanlar yaradırsa, həmin imkanların düzgün idarə olunması gələcək nəsillər üçün daha şaxələndirilmiş, rəqabətqabiliyyətli və dayanıqlı iqtisadiyyat formalaşdırmağa xidmət etməlidir”.
Məhəbbət Tərlanoğlu
11:45 13.11.2026
Oxunuş sayı: 45