Ukrayna Rusiyanın neft emalı zavoduna PUA hücumu edib
Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Volqoqrad şəhərində yerləşən “Lukoil” neft emalı zavoduna və Rostov-na-Donu şəhərindəki istehsalat obyektinə hücum edib.
Crossmedia.az xəbər verir ki, “The Kyiv Independent” bu barədə məlumat yayıb.
Noyabrın 13-nə keçən gecə həyata keçirilən hücumlar nəticəsində hər iki şəhərdə partlayışlar və yanğınlar qeydə alınıb.
Məlumata görə, Volqoqradda Rusiyanın ən böyük neft emalı müəssisələrindən biri olan “Lukoil-Volqoqradneftepererabotka” zavodunun ərazisində yanğın baş verib.
Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov şəhərə kütləvi PUA hücumunu və cənub sənaye zonasında yanğınların baş verdiyini təsdiqləyib.
Rostov vilayətinin qubernatoru Yuri Slyusar isə Rostov-na-Donu şəhərində istehsalat müəssisəsi və anbar ərazisində yanğınların baş verdiyini bildirib.
Onun sözlərinə görə, vurulan pilotsuz uçuş aparatlarının qalıqları yaşayış binasına da ziyan vurub.
Qeyd edək ki, Volqoqraddakı “Lukoil” zavodu Rusiyanın iri neft emalı müəssisələrindən biridir və illik emal gücü təxminən 15 milyon ton təşkil edir.
Hücumlar nəticəsində müəssisələrə dəyən ziyanın dəqiq miqyası hələlik məlum deyil.
11:28 13.11.2026
Oxunuş sayı: 40