Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik üzrə təlim keçirilib
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) təşkilatçılığı, Expressbankın dəstəyi ilə Cəlilabad Peşə Təhsil Mərkəzində “Sahibkarlar üçün maliyyə savadlılığı və kibertəhlükəsizlik” mövzusunda maarifləndirici təlim keçirilib. Təlimin məqsədi fermerlərin maliyyə idarəçiliyi, risklərin qiymətləndirilməsi, kibertəhlükəsizlik və kiberdələduzluqdan qorunma sahəsində praktiki bilik və bacarıqlarını artırmaq olub.
Crossmedia.az xəbər verir ki, AXA-nın Aqrar Təlim Mərkəzinin direktoru Rəşad Mehdizadə maliyyə savadlılığı və kibertəhlükəsizliyin aqrar sektorun dayanıqlı inkişafında, fermer və sahibkarların fəaliyyətinin gücləndirilməsində mühüm rol oynadığını bildirib. O, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda aqrar maliyyə, sığorta və risklərin idarə edilməsi mexanizmlərinin inkişafı, eləcə də informasiya-məsləhət xidmətləri və innovasiya yayımı sisteminin təkmilləşdirilməsinin prioritet istiqamətlər kimi müəyyən edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, dövlət-özəl tərəfdaşlığı çərçivəsində keçirilən bu cür tədbirlər fermerlərin müasir bilik və bacarıqlara yiyələnməsinə, qabaqcıl təcrübələrin aqrar sahədə tətbiqinə töhfə verir.
Təlim çərçivəsində Expressbankın İqtisadi Təhlükəsizlik şöbəsinin müdiri Tofiq Mehdiyev “Kibertəhlükəsizlik və kiberdələduzluqdan qorunma” mövzusunda çıxış edib. O, rəqəmsal mühitdə mövcud təhlükələr, kiberdələduzluq üsulları, bank kartlarının və şəxsi məlumatların qorunması barədə iştirakçılara ətraflı məlumat verib, təhlükəsiz onlayn əməliyyatların aparılması ilə bağlı tövsiyələrini bölüşüb.
Bankın Biznes Bankçılıq departamentinin direktor müavini Yaşar Cabarov isə “Sahibkarlar üçün ümumi maliyyə savadlılığı” mövzusunda çıxış edərək gəlir və xərclərin planlaşdırılması, maliyyə resurslarının səmərəli idarə olunması, kredit imkanlarından düzgün istifadə və maliyyə risklərinin qiymətləndirilməsi məsələlərini izah edib. O, maliyyə savadlılığının sahibkarlıq fəaliyyətində davamlılığın təmin olunması və əsaslandırılmış biznes qərarlarının qəbul edilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, təlim Dövlət Proqramında nəzərdə tutulan aqrar maliyyə, sığorta və risk idarəetməsi mexanizmlərinin inkişaf etdirilməsi, eləcə də informasiya-məsləhət xidmətləri və innovasiya yayımı sisteminin təkmilləşdirilməsi prioritetləri sahibkarların bilik və bacarıqlarının artırılmasını, maliyyə alətlərinə çıxış imkanlarının genişləndirilməsini və müasir texnologiyalar barədə məlumatlandırılmasını zəruri edir.
12:15 13.11.2026
Oxunuş sayı: 30