Elon Maskın şirkətləri tarixdə ən böyük birləşməyə hazırlaşır
Amerikalı milyarder Elon Maskın rəhbərlik etdiyi “SpaceX” və “Tesla” şirkətləri tarixdə ən böyük korporativ birləşmə ola biləcək razılaşmanı 2026-cı ilin dekabrında elan edə bilərlər.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” agentliyi bu barədə məlumat yayıb.
Məlumata görə, iki şirkət arasında birləşmə ilə bağlı danışıqlar irəliləyib. Bununla belə, razılaşmanın elan edilməsinin 2027-ci ilin əvvəlinə qədər təxirə salınması ehtimalı da nəzərdən keçirilir.
Hazırda şirkətlərin direktorlar şuraları və məsləhətçiləri birləşmənin şərtləri, səhmdarların pay bölgüsü və gələcək korporasiyanın idarəetmə strukturu üzərində işləyirlər.
Bildirilir ki, razılaşma baş tutarsa, elektromobillər, raketlər, peyklər və enerji saxlama sistemləri istehsal edən nəhəng texnologiya korporasiyası yarana bilər.
Birləşmənin əsas məqsədlərindən biri süni intellekt texnologiyalarının kosmik sənaye, pilotsuz idarəetmə sistemləri və robototexnika sahələrində tətbiqini genişləndirməkdir.
Məlumata əsasən, “SpaceX”in bazar dəyəri təxminən 1,9 trilyon, “Tesla”nın isə 1,55 trilyon ABŞ dolları həcmində qiymətləndirilir.
Beləliklə, iki şirkətin ümumi dəyəri təxminən 3,45 trilyon dollara çata bilər.
Bununla yanaşı, birləşmə ABŞ-nin milli təhlükəsizlik tələbləri və “Tesla”nın Çindəki fəaliyyəti ilə əlaqədar tənzimləyici maneələrlə üzləşə bilər.
Elon Mask daha əvvəl şirkətlərin birləşdirilməsi ideyasını müsbət qiymətləndirib və hər iki şirkətdə bu imkanları araşdırmaq üçün müstəqil direktorlar komitələrinin yaradıldığını bildirib.
Hələlik birləşmə ilə bağlı yekun razılaşma əldə olunmayıb və şirkətlər rəsmi qərar açıqlamayıblar.
13:25 13.11.2026
Oxunuş sayı: 39