Prezident İlham Əliyevin Türkiyəyə səfəri mühüm hadisə kimi qiymətləndirilməlidir - Deputat
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ətrafında baş verən proseslər, qarşılıqlı mesajlar və nümayiş etdirilən həmrəylik bir daha diqqət mərkəzinə gəlib. İki qardaş dövlətin sərgilədiyi birlik və həmrəylik beynəlxalq ictimaiyyətə də mühüm mesaj verir. Bütün bunlar fonunda səfərin siyasi və geostrateji əhəmiyyətini necə qiymətləndirmək olar? Azərbaycan və Türkiyə arasında nümayiş etdirilən bu qardaşlıq nümunəsi regionda hansı proseslərə təsir göstərə bilər?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Azər Allahverənov Crossmedia.az-a açıqlama verib: "Bu səfərin bir neçə çox ciddi və mühüm aspekti var. Xüsusilə də müxtəlif müstəvilərdə özünü göstərən əhəmiyyətini qeyd etmək lazımdır. İlk növbədə, bu səfər siyasi baxımdan olduqca mühüm hadisə kimi dəyərləndirilməlidir. Çünki son hadisələr fonunda müxtəlif siyasi dairələrin iki qardaş xalq arasında münasibətlərə xələl gətirmək, onların arasında nifaq yaratmaq məqsədilə fəal şəkildə siyasi meydana atıldığını gördük. Müxtəlif mövzular üzərindən Azərbaycan-Türkiyə münasibətlərinin hər hansı formada zədələnməsinə cəhdlər göstərildi. Belə bir şəraitdə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Şuşaya səfər etməsi və burada iki ölkə başçısının görüşünün nəticəsi olaraq dünyaya mühüm mesajların verilməsi onu göstərdi ki, həmin qüvvələrin destruktiv fəaliyyətinə və iki qardaş xalq arasında nifaq yaratmaq cəhdlərinə imkan verilməyəcək”.
Deputat qeyd edib ki, burada Prezident İlham Əliyevin xüsusilə vurğuladığı bir məqam diqqət çəkir: bizim münasibətlərimiz və əlaqələrimiz sarsılmazdır və əbədidir: “Bu qardaşlıq əlaqələrinin, şübhəsiz ki, çox dərin tarixi kökləri var. Ortaq dilimiz, mədəniyyətimiz və mənəvi dəyərlərimiz iki ölkə arasında münasibətlərin formalaşması üçün olduqca güclü təməl yaradır. Bu da onu göstərir ki, Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə inkişafı möhkəm tarixi və mənəvi dayaqlara söykənir. Eyni zamanda, burada mühüm məqam iki dövlət, bir millət konsepsiyasının məhz praktiki müstəvidə təcəssüm olunmasıdır. Bu səfərlər həmin konsepsiyanın real həyatda necə həyata keçirildiyini bir daha nümayiş etdirir. Şübhəsiz ki, bu konsepsiyanın əsasını qoyan Ümummilli Liderimiz Heydər Əliyevin vaxtilə səsləndirdiyi mühüm fikirlər sonradan Azərbaycan-Türkiyə münasibətləri kontekstində atılan addımlarda özünü daha qabarıq şəkildə göstərməyə başladı. Biz konseptual səviyyədə irəli sürülən bu tezisin sonradan fundamental xarakter daşıyan birgə layihələrdə reallaşdığının şahidi olduq. Bütün bunlar iki qardaş dövlət arasında mövcud olan bağların daha da dərinləşməsinə, münasibətlərin daha geniş və çoxşaxəli xarakter almasına gətirib çıxarıb. İki ölkə arasındakı münasibətlərin kuliminasiya nöqtəsi, şübhəsiz ki, Şuşa Bəyannaməsidir. Çünki bu sənəd strateji tərəfdaşlığı ən yüksək səviyyəyə qaldırmaqla yanaşı, iki ölkə arasında mövcud olan qardaşlıq münasibətlərini hüquqi və siyasi baxımdan rəsmiləşdirdi. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu sənəd iki qardaş xalq arasında mövcud olan bağları sadəcə olaraq rəsmiləşdirmiş oldu. Bu gün də həmin münasibətlər ən yüksək səviyyədə inkişaf etdirilir. Dünya mənzərəsinə nəzər saldıqda belə güclü dayaqlara malik olan qardaş xalqların nümunəsinə rast gəlmək olduqca çətindir. Eyni zamanda, iki dövlət arasında Şuşa Bəyannaməsinə bənzər strateji əhəmiyyətli sənədin imzalanması da münasibətlərin xüsusi xarakterini göstərir. Bu, ondan xəbər verir ki, iki ölkə arasındakı münasibətlər sadəcə ritorikadan, bəyanatlardan və şifahi şəkildə səsləndirilən fikirlərdən ibarət deyil. Bu əlaqələr gündəlik həyatımızda da praktiki təsdiqini tapır. İki xalqın və iki dövlətin birbaşa iştirakı ilə həyata keçirilən inteqrasiya layihələri bunun bariz nümunəsidir. Həmin layihələrin xüsusiyyətlərinə diqqət yetirdikdə görürük ki, bu sahədə kifayət qədər böyük potensial mövcuddur. Bu potensial yalnız iki dövlət arasındakı əlaqələri və iki xalq arasında olan bağları möhkəmləndirməklə məhdudlaşmır. Eyni zamanda, regionda dayanıqlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasında maraqlı olan digər dövlətlər üçün də yeni əməkdaşlıq imkanları yaradır. Avrasiya qitəsi üçün mühüm əhəmiyyət daşıyan layihələrin məhz bu iki qardaş dövlətin iştirakı ilə həyata keçirilməsi onların üzərinə götürdüyü missiyanın miqyasını nümayiş etdirir. Bu layihələrin böyük bir coğrafiyanı əhatə etdiyini və geniş təsir imkanlarına malik olduğunu görürük. Bütün bunlar Azərbaycan-Türkiyə münasibətlərinin nə dərəcədə ciddi geostrateji və geosiyasi əhəmiyyət daşıdığını göstərən mühüm amillərdir”.
Ayhan
13:00 12.11.2026
Oxunuş sayı: 41