Hündürmərtəbəli binalarda uşaqların təhlükəsizliyi necə qorunmalıdır?
Son vaxtlar hündürmərtəbəli binalardan yıxılan uşaq və yeniyetmələrlə bağlı
hadisələrin baş verməsi yaşayış binalarında təhlükəsizlik məsələsini yenidən
gündəmə gətirir. Xüsusilə çoxmənzilli binalarda açıq pəncərələr, qorunmayan
eyvanlar və təhlükəsizlik standartlarına uyğun quraşdırılmamış pəncərə
sistemləri uşaqların həyatı üçün ciddi risk yaradır. Bəzən bir anlıq
diqqətsizlik və ya böyüklərin nəzarətindən kənarda qalan kiçik bir uşaq geri
dönüşü olmayan faciə ilə nəticələnə bilər.
Müasir şəhərsalma şəraitində hündürmərtəbəli binaların sayının artması bu
problemin əhəmiyyətini daha da yüksəldir. Mənzillərdə pəncərələrin geniş
olması, eyvanların müxtəlif məqsədlərlə istifadə edilməsi, uşaqların asanlıqla
pəncərə və eyvanlara yaxınlaşa bilməsi təhlükəsizlik tədbirlərinə xüsusi diqqət
yetirilməsini tələb edir. Xüsusilə azyaşlı uşaqlar təhlükənin miqyasını dərk
etmədikləri üçün pəncərə kənarına çıxmaq, eyvanda oynamaq və ya mebel
vasitəsilə pəncərəyə qalxmaq kimi davranışların hansı nəticələrə səbəb ola
biləcəyini anlamırlar.
Burada məsuliyyət yalnız valideynlərin diqqəti ilə məhdudlaşmır. Yaşayış
binalarının layihələndirilməsi və tikintisi zamanı təhlükəsizlik tələblərinə
əməl olunması, pəncərə və eyvanların qoruyucu mexanizmlərlə təchiz edilməsi,
binadaxili təhlükəsizlik standartlarının tətbiqi də vacibdir. Təəssüf ki, bəzən
mənzil təmir edilərkən və ya pəncərələr dəyişdirilərkən estetik görünüş və
rahatlıq təhlükəsizlikdən üstün tutulur. Nəticədə uşaqların sərbəst hərəkət
etdiyi evlərdə qarşısı alına biləcək təhlükələr yaranır.
Digər tərəfdən, yeniyetmələrlə bağlı hadisələrə yanaşma da fərqli və diqqətli olmalıdır. Yeniyetmələrin davranışları, psixoloji vəziyyəti, riskləri qiymətləndirmə qabiliyyəti və təhlükəli vəziyyətlərə reaksiyası ayrıca nəzərə alınmalıdır. Hər hadisənin səbəbini araşdırmadan ümumi nəticəyə gəlmək doğru deyil. Lakin bütün hallarda yaşayış mühitində təhlükəsizliyin təmin edilməsi və risklərin əvvəlcədən aradan qaldırılması əsas prioritet olmalıdır.
Təhlükəsizlik eksperti Elmar Nurəliyev Crossmedia.az-a açıqlamasında bildirib
ki, çoxmənzilli yaşayış binalarında azyaşlı uşaqların olduğu evlərdə
valideynlər təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirməlidirlər:
“Bu tədbirlər mümkün bədbəxt hadisələrin qarşısını almaq baxımından
vacibdir.
İlk növbədə, eyvan qapılarının möhkəm və dayanıqlı olmasına, kilid
sistemlərinin isə uşaqların əli çatmayan yerdə yerləşdirilməsinə diqqət
yetirilməlidir. Müasir dövrdə bunun üçün müxtəlif texnoloji imkanlar və
təhlükəsizlik sistemləri mövcuddur.
Eyni zamanda, eyvanlarda yıxılma riskini azaltmaq üçün qoruyucu dəmir
barmaqlıqlardan, xüsusi torlardan və ya eyvanı şüşə ilə bağlamaq üçün nəzərdə
tutulan sistemlərdən istifadə etmək olar. Bu vasitələr həm uşaqların eyvandan
yıxılmasının qarşısını alır, həm də eyvanı hava şəraitinin təsirlərindən
qoruyur.
Əsas məsələ odur ki, evdə azyaşlı uşaq varsa, valideynlərin diqqətindən
kənarda qalan qısa müddət belə təhlükəli nəticələrə səbəb ola bilər. Buna görə
də eyvanla yanaşı, digər pəncərələrin də kilid sistemləri möhkəm və etibarlı
olmalıdır.
Ümumilikdə, evdə uşağın təhlükəsizliyi üçün bütün risklər nəzərə alınmalı və
müvafiq tədbirlər kompleks şəkildə həyata keçirilməlidir. Məsələn, uşaq
dolabın, tumbanın və ya şkafın üzərinə çıxmağa cəhd edə bilər. Üzərindəki
suvenir, qab-qacaq və digər əşyalar uşağın üzərinə düşərək xəsarət yetirə
bilər. Hətta mebelin aşması da ciddi təhlükə yarada bilər. Buna görə şkaf və
dolablar divara möhkəm bərkidilməli, onların üzərində ağır və təhlükəli əşyalar
saxlanılmamalıdır.
Bundan başqa, bıçaq, qayçı və digər kəsici-deşici alətlər uşaqların əli
çatmayan, kilidli yerlərdə saxlanılmalıdır. Əks halda, uşaq bilmədən həm özünə,
həm də evdəki digər şəxslərə xəsarət yetirə bilər.
Dərman vasitələri və kimyəvi tərkibli məişət məhsulları da uşaqlar üçün
əlçatmaz yerlərdə saxlanılmalıdır. Bu vasitələrin yerləşdirildiyi dolabların
kilid sistemi möhkəm və etibarlı olmalıdır. Çünki uşağın belə maddələri əlinə
keçirməsi zəhərlənmə və digər bədbəxt hadisələrlə nəticələnə bilər.
Hesab edirəm ki, bu cür təhlükəsizlik tədbirləri kompleks şəkildə həyata
keçirilməlidir. Xüsusilə elektrik təhlükəsizliyinə diqqət yetirilməli, uşaqları
elektrik vurmasından qorumaq üçün xüsusi qoruyucu vasitələrdən istifadə
olunmalıdır. Elektrik avadanlıqları və digər məişət cihazları da təhlükəsiz
şəkildə istismar edilməlidir.
Bütün bu tədbirlərin birlikdə görülməsi evdə azyaşlı uşaqların təhlükəsizliyinin təmin olunması və bədbəxt hadisələrin qarşısının alınması baxımından daha məqsədəuyğundur”.
Məhəbbət Tərlanoğlu
11:30 12.11.2026
Oxunuş sayı: 40