Rusiyada polkovnikin avtomobili partladılıb - Hərbçi ölüb
Rusiyanın Sankt-Peterburq şəhərində avtomobilin partladılması nəticəsində Rusiya ordusunun polkovniki həlak olub.
Crossmedia.az xəbər verir ki, Rusiyanın “Fontanka” nəşri bu barədə məlumat yayıb.
Hadisə noyabrın 12-də səhər saatlarında şəhərin Şuşarı qəsəbəsində, Kolpinskoye şosesində baş verib.
İlkin məlumatlara görə, Rusiya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Ordusunun 6-cı birləşməsinin baş şturmanı olduğu bildirilən polkovnik yaşayış binasının həyətindən avtomobillə çıxarkən partlayış baş verib.
Avtomobilin altına yerləşdirildiyi iddia olunan partlayıcı qurğunun uzaqdan işə salındığı bildirilir. Hərbçi hadisə yerində həyatını itirib.
Bəzi mənbələr avtomobildə olan daha bir şəxsin yaralandığını bildirsələr də, bu məlumat hələlik təsdiqlənməyib.
Qeyd edək ki, avqustun 27-də Sankt-Peterburqun eyni ərazisində oxşar partlayış nəticəsində Rusiya ordusunun Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə bölməsində xidmət edən podpolkovnik həlak olmuşdu.
Son partlayışın səbəbi, ölən hərbçinin şəxsiyyəti və hadisənin arxasında dayanan şəxslər barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
10:48 12.11.2026
Oxunuş sayı: 48