Si Cinpin: Tayvanın Çinlə birləşməsi qaçılmazdır
Çin Prezidenti Si Cinpin Tayvanın Çinlə birləşməsinin qaçılmaz olduğunu və bu prosesin qarşısının alına bilməyəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə məlumat yayıb.
Çin lideri noyabrın 12-də Pekində inqilabçı və dövlət xadimi Sun Yatsenin anadan olmasının 160-cı ildönümünə həsr edilmiş tədbirdə çıxış edib.
Si Cinpin Tayvan məsələsinin həllini Çin Kommunist Partiyasının dəyişməz tarixi missiyası adlandırıb.
“Tarixin axarını dayandırmaq mümkün deyil. Vətənin tam birləşməsi həyata keçirilməlidir və bu, mütləq baş verəcək”, – deyə Çin Prezidenti vurğulayıb.
O, Pekinin “bir ölkə, iki sistem” prinsipi əsasında Tayvanla sülh yolu ilə birləşmə siyasətinə sadiq olduğunu bildirib.
Si Cinpin Tayvanın müstəqilliyini dəstəkləyən qüvvələrə qarşı çıxmağa çağırıb və Tayvan boğazının hər iki tərəfində münasibətlərin sülh yolu ilə inkişafının vacibliyini qeyd edib.
Çin lideri çıxışında hərbi gücdən istifadə məsələsinə toxunmayıb. Bununla belə, Pekin Tayvan üzərində nəzarəti təmin etmək üçün güc tətbiqi ehtimalını indiyədək istisna etməyib.
Qeyd edək ki, Çin Tayvanı öz ərazisinin bir hissəsi hesab edir. Tayvan hakimiyyəti isə Pekinin suverenlik iddialarını rədd edir və adanın gələcəyinin yalnız Tayvan əhalisi tərəfindən müəyyənləşdirilə biləcəyini bildirir.
Pekinin təklif etdiyi “bir ölkə, iki sistem” modeli Tayvanın əsas siyasi partiyaları tərəfindən dəstəklənmir.
10:46 12.11.2026
Oxunuş sayı: 42