Almaniya ordusunda ciddi problem üzə çıxıb
Almaniya Silahlı Qüvvələrində (Bundesver) aparılan genişmiqyaslı araşdırma qadın hərbçilər arasında cinsi qısnama və zorakılıq hallarının ciddi problem olduğunu üzə çıxarıb.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Tədqiqat çərçivəsində 45 min hərbçiyə sorğu göndərilib, onlardan təxminən 8 100 nəfər sorğuda iştirak edib.
Nəticələrə əsasən, qadın hərbçilərin təxminən 40 faizi son bir ildə ən azı bir dəfə cinsi xarakterli qeyri-etik davranış və ya qısnama ilə üzləşib.
Bu hallara şifahi təqiblər, arzuolunmaz məzmunun nümayiş etdirilməsi və fiziki toxunmalar daxildir.
Araşdırmada qadın və kişi hərbçilərin 2 faizinin cinsi zorakılığa məruz qaldığı müəyyən edilib. Kişi hərbçilərin təxminən 19 faizi isə müxtəlif formalarda cinsi xarakterli qeyri-etik davranışlarla qarşılaşdığını bildirib.
Almaniyanın müdafiə naziri Boris Pistorius nəticələri ciddi problem kimi qiymətləndirərək bu cür hallara qarşı sərt tədbirlər görüləcəyini açıqlayıb.
Nazir şikayətlərin araşdırılması mexanizmlərinin gücləndiriləcəyini, pozuntulara görə sanksiyaların sərtləşdiriləcəyini və zərərçəkənlərə dəstəyin artırılacağını bildirib.
Pistorius vurğulayıb ki, cinsi qısnama və zorakılıq hallarına göz yuman, yaxud lazımi tədbirlər görməyən komandirlər də məsuliyyətə cəlb edilməlidirlər.
Araşdırmanın nəticələri Almaniyanın hərbi potensialını genişləndirməyə çalışdığı dövrdə açıqlanıb.
Berlin 2030-cu illərin ortalarına qədər aktiv hərbi qulluqçuların sayını 260 min nəfərə çatdırmağı planlaşdırır. Almaniya ordusunda şəxsi heyətin sayı isə 2013-cü ildən bəri ilk dəfə 190 min nəfəri ötüb.
Ölkə rəhbərliyi bu addımları Rusiyadan qaynaqlanan təhlükəsizlik təhdidləri fonunda müdafiə qabiliyyətinin gücləndirilməsi ilə əlaqələndirir.
10:42 12.11.2026
Oxunuş sayı: 40