Rusiya-Ukrayna müharibəsinin nəticəsi Avropanın taleyini həll edəcək - ŞƏRH
Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması istiqamətində aparılan diplomatik təmaslar artıq yalnız atəşkəs və döyüşlərin dayandırılması məsələsi ilə məhdudlaşmır. Proses getdikcə Avropanın gələcək təhlükəsizlik arxitekturası, böyük güclər arasında təsir balansı və müharibədən sonrakı geosiyasi nizam uğrunda mübarizəyə çevrilir. Xüsusilə, ABŞ-nin danışıqlarda fəal rol alması, Rusiyanın təhlükəsizlik tələbləri və Avropa dövlətlərinin prosesdəki mövqeyi bir sıra mühüm suallar doğurur. Bu mənzərədə isə ən həssas məsələ Ukraynanın öz gələcəyinə dair qərarların qəbulunda nə dərəcədə söz sahibi olacağıdır.
Bəs aparılan danışıqlar həqiqətən Ukraynada davamlı sülhə yol aça bilərmi? Böyük güclər arasında mümkün razılaşmalar Kiyevin milli maraqlarını nə dərəcədə nəzərə alacaq? Müharibədən sonrakı Avropanın siyasi və təhlükəsizlik xəritəsini kim müəyyənləşdirəcək?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən siyasi analitik Elmira Talıbzadə qeyd edib ki, hələlik baş verənlər daha çox Avropada gələcək təhlükəsizlik qaydalarının müəyyənləşdirilməsi uğrunda böyük güc mərkəzləri arasında aparılan geosiyasi sövdələşməyə bənzəyir: “Ukrayna isə bu prosesdə həm münaqişənin birbaşa tərəfi, həm də daha geniş geosiyasi razılaşmaların mərkəzində dayanan dövlətdir. İlk növbədə diqqəti cəlb edən məsələ danışıqların iştirakçı tərkibidir. Danışıqlar masasında Rusiya, Ukrayna və ABŞ təmsil olunur. Amerika nümayəndə heyətində Stiv Uitkoff və Cared Kuşnerlə yanaşı, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı, amerikalı general Aleksus Qrinkeviçin də iştirakı görüşə tamamilə fərqli siyasi və hərbi-strateji məzmun verir. Bu, Avropanın gələcək təhlükəsizlik nizamının hərbi-strateji parametrlərinin müzakirəsidir. Lakin burada daha ciddi bir məsələyə diqqət yetirmək istərdim ki, Avropanın gələcək təhlükəsizliyini əslində kim müəyyən edəcək? Avropa nümayəndələri Ukrayna, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Avropa İttifaqı və NATO ilə ayrıca məsləhətləşmələrdə iştirak ediblər. Ancaq Rusiya, Ukrayna və ABŞ arasında keçirilən əsas üçtərəfli formatda Avropa hökumətləri təmsil olunmayıb. Bu indiki görüş üçün marker olan bir fərqdir. Belə çıxır ki, Avropa dövlətləri prosesdə iştirak etsələr də, Moskva, Kiyev və Vaşinqtonun birbaşa müzakirə apardığı əsas danışıqlar masasında yer almırlar? Məncə, bu vəziyyət Qərbin vahid mövqeyindən daha çox, onun daxilində təsir balansının dəyişdiyini göstərir. Vaşinqton faktiki olaraq əsas danışıqlar aparan tərəf rolunu öz üzərinə götürür, Avropa isə öz maraqlarının gələcək razılaşmaların kənarında qalmaması üçün mübarizə aparmalı olur”.

Ekspert qeyd edib ki, ikinci mühüm məqam danışıqların məzmunudur: “Ukrayna tərəfinin açıqlamalarına əsasən, təhlükəsizlik təminatları, humanitar məsələlər, əsirlərin mübadiləsi və gərginliyin azaldılması istiqamətində mümkün addımlar müzakirə olunub. Bununla belə, ərazi məsələsi gündəmdən çıxmayıb və hələ də əsas fikir ayrılıqlarından biri olaraq qalır. Moskva Avropanın təhlükəsizliyinin daha geniş kontekstdə müzakirə edilməsində və qarşılıqlı təhlükəsizlik təminatlarında israrlıdır. Kiyev isə ərazi məsələləri ilə bağlı hər hansı siyasi qərardan əvvəl öz təhlükəsizliyinə dair etibarlı təminatlar əldə etmək istəyir. Məhz bu məqamda da kifayət qədər skeptik yanaşıram. Vaşinqton təhlükəsizlik təminatlarının həm Rusiya, həm də Ukrayna üçün məqbul olmasından danışarkən, istər-istəməz belə bir sual yaranır: Moskvanın razılığını əldə etmək üçün Kiyev nə dərəcədə güzəştə getməli olacaq? Çünki tərəflərin maraqları prinsipial şəkildə fərqlənir. Üçüncü məqam iqtisadiyyatdır. İstisna etməzdim ki, diplomatik ifadələrin arxasında Ukraynanın müharibədən sonrakı iqtisadi quruluşu ilə bağlı daha geniş müzakirələr gedir. Söhbət enerji sektorundan, atom elektrik stansiyalarından, qaz marşrutlarından, dəniz limanlarından, nəqliyyat infrastrukturundan və bərpa prosesinə yatırılacaq investisiyalardan gedir. Bəs Ukraynanın bərpasını kim maliyyələşdirəcək? Strateji obyektlərə kimlərin çıxışı olacaq? İqtisadi axınlara kim nəzarət edəcək? Bunlar cəbhə xəttinin haradan keçməsi məsələsi qədər əhəmiyyətli suallardır. Kuşner və Uitkoffun iştirakına da məhz bu kontekstdən yanaşmaq maraqlıdır. Onların prosesdə iştirakı Amerika diplomatiyasının iqtisadi ölçüsünü daha da ön plana çıxarır. Bununla belə, Ukraynanın strateji aktivlərinin bölüşdürülməsi ilə bağlı artıq razılaşdırılmış konkret planın mövcud olduğunu iddia etməzdim. Hələlik bu, təsdiqlənmiş fakt deyil, analitik ehtimaldır. Amma bunda əminəm. Və nəhayət, mən əsas sualı vermək istərdim ki, bəs bütün bu geosiyasi konstruksiyada Ukraynanın özü nə əldə edir? Rusiya yeni təhlükəsizlik sisteminin müzakirəsinə nail olmağa çalışır, ABŞ gələcək razılaşmanın əsas memarı rolunda çıxış etmək istəyir, Avropa isə öz təsir imkanlarını qorumağa çalışır. Ukrayna isə öz gələcəyinə dair əsas parametrlərin digər dövlətlərin maraqları prizmasından müzakirə edildiyi bir vəziyyətlə üzləşə bilər. Vaşinqtonun artıq Kiyevin arxasında Moskva ilə razılaşdığını iddia etmirəm. Lakin danışıqların hazırkı formatının özü belə müzakirələrin aparılmasının ehtimalını artırır. Kimsə əksini sübut edə də bilmir. Dövlət katibi Marko Rubionun təhlükəsizlik təminatlarının Rusiya üçün də məqbul olmalı olduğu barədə açıqlamaları kompromis axtarışının nə qədər mürəkkəb olacağını göstərir. Ona görə də, hələlik Əbu-Dabi danışıqlarının Ukraynanı onun maraqlarına uyğun müharibəsonrası nəticəyə yaxınlaşdırdığını söyləmək üçün ciddi əsas görmürəm. Bəli, bu danışıqlar atəşkəs üçün müəyyən şərait yarada bilər, amma müharibənin dayandırılması ilə ədalətli və davamlı sülhün əldə edilməsi tamamilə fərqli məsələlərdir. Və bunu kifayət qədər açıq şəkildə ifadə edərdim: hazırda mübarizə yalnız cəbhə xəttinin harada dayanacağı uğrunda getmir. Əsas mübarizə müharibədən sonra Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması istiqamətində aparılan diplomatik təmaslar artıq yalnız atəşkəs və döyüşlərin dayandırılması məsələsi ilə məhdudlaşmır. Proses getdikcə Avropanın gələcək təhlükəsizlik arxitekturası, böyük güclər arasında təsir balansı və müharibədən sonrakı geosiyasi nizam uğrunda mübarizəyə çevrilir. Xüsusilə, ABŞ-nin danışıqlarda fəal rol alması, Rusiyanın təhlükəsizlik tələbləri və Avropa dövlətlərinin prosesdəki mövqeyi bir sıra mühüm suallar doğurur. Bu mənzərədə isə ən həssas məsələ Ukraynanın öz gələcəyinə dair qərarların qəbulunda nə dərəcədə söz sahibi olacağıdır”.
Ayhan
11:00 12.11.2026
Oxunuş sayı: 36