Qara dəniz dünyanın ən təhlükəli gəmiçilik marşrutuna çevrilib
Qara dəniz 2026-cı ildə dənizçilər arasında ölüm hallarına görə Hörmüz boğazını geridə qoyaraq dünyanın ən təhlükəli gəmiçilik marşrutuna çevrilib.
Crossmedia.az xəbər verir ki, “The Wall Street Journal” (WSJ) qəzeti bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, ilin əvvəlindən Qara dənizdə gəmilərə 300-dən çox hücum qeydə alınıb. Nəticədə 30-dan çox dənizçi həlak olub, 20-dən çoxu isə itkin düşüb.
Müqayisə üçün, fevralın sonundan etibarən Hörmüz boğazı və Yaxın Şərqin digər dəniz ərazilərində təxminən 130 hücum baş verib, 25 dənizçi həyatını itirib.
Qara dənizdə təhlükəsizlik vəziyyətinin pisləşməsi Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirilir. Rusiya qüvvələri Ukraynanın ərzaq məhsullarını daşıyan kommersiya gəmilərinə zərbələr endirir, Ukrayna isə pilotsuz vasitələrlə Rusiya gəmilərini hədəfə alır.
Son dövrlərdə hücumların Rumıniya və Bolqarıstan sahillərinə yaxın ərazilərdə də baş verməsi narahatlığı artırıb. Hər iki ölkə NATO-nun üzvüdür.
Avropa rəsmiləri bəzi hücumlarda Rusiyanı ittiham etsələr də, Moskva bu iddiaları rədd edir.
Gərginlik dəniz daşımalarına da ciddi təsir göstərib. Oktyabr ayında Bosfor boğazı vasitəsilə Qara dənizə daxil olan gəmilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 41 faiz azalıb. Boğazdan ümumi gəmi keçidləri isə 38 faiz geriləyib.
Yaranmış vəziyyət fonunda Avropa İttifaqı Qara dənizdə dəniz təhlükəsizliyi mərkəzinin yaradılması istiqamətində hazırlıqları sürətləndirib. NATO müttəfiqləri də regionda təhlükəsizlik tədbirlərini gücləndirməyə çalışırlar.
Nəşr qeyd edir ki, gəmiçiliyə qarşı hücumlar Avropa ilə Asiya arasındakı ticarət əlaqələri, xüsusilə Ukraynanın Afrika və Yaxın Şərq ölkələrinə kənd təsərrüfatı məhsullarının ixracı üçün ciddi risklər yaradır.
11:21 12.11.2026
Oxunuş sayı: 25