Rusiya Ukraynaya hücumun səbəbini Baydenlə əlaqələndirib
Rusiya nümayəndə heyəti Ukraynaya qarşı müharibənin başlanmasını ABŞ-nin sabiq Prezidenti Co Baydenin 2021-ci ildə Moskvanın təhlükəsizliklə bağlı tələblərinə cavab verməməsi ilə əlaqələndirib.
Crossmedia.az xəbər verir ki, “Axios” nəşri bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Rusiya nümayəndələri Əbu-Dabidə ABŞ və Ukrayna ilə aparılan üçtərəfli danışıqlar zamanı Prezident Vladimir Putinin 2021-ci ildə Vaşinqtona göndərdiyi və Rusiyanın təhlükəsizlik narahatlıqlarını əks etdirən məktubu xatırladıblar.
Rusiya tərəfi iddia edib ki, Bayden administrasiyasının həmin müraciətə cavab verməməsi Putinin Ukraynaya hərbi müdaxilə qərarına təsir göstərib.
Buna cavab olaraq ABŞ Prezidenti Donald Trampın nümayəndələri Cared Kuşner və Stiv Uitkoff beynəlxalq vəziyyətin 2021-ci ildən bəri əhəmiyyətli dərəcədə dəyişdiyini bildiriblər.
Amerikalı nümayəndələr Moskvadan Avropanın təhlükəsizliyi ilə bağlı tələblərini əks etdirən yeni təklif hazırlamağı istəyiblər.
Təklifdə Rusiyanın təhlükəsizlik narahatlıqları ilə yanaşı, Avropa ölkələri ilə gərginliyin azaldılması üçün Moskvanın atmağa hazır olduğu qarşılıqlı addımların da göstərilməsi tələb olunub.
ABŞ tərəfi Rusiyanın gələcəkdə Avropa ölkələrinə hücum etməyəcəyinə dair etimadın yaradılmasının vacibliyini vurğulayıb.
“Axios”un məlumatına görə, Vaşinqton Ukraynada müharibənin başa çatdırılması ilə paralel olaraq Rusiya və Avropa arasında yeni təhlükəsizlik mexanizminin hazırlanmasını da müzakirə edir.
Bununla belə, Moskva Avropa nümayəndələrinin Rusiya-Ukrayna sülh danışıqlarına birbaşa qoşulmasına hələlik müsbət yanaşmır.
11:40 12.11.2026
Oxunuş sayı: 36