İran Çinə yeni vasitəçilik təklifi edib
İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf Yaxın Şərqdə sabitliyin təmin olunması üçün Çinlə əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib.
Crossmedia.az xəbər verir ki, “Anadolu” agentliyi bu barədə məlumat yayıb.
Qalibaf Çinin İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasındakı rolunu xatırladaraq Pekinin regional münaqişələrin həllinə töhfə verə biləcəyini vurğulayıb.
“Bildiyiniz kimi, Çin İran və Səudiyyə Ərəbistanı arasında vasitəçilik edib. Həmin vasitəçilik sayəsində iki ölkə arasında münasibətlər bərpa olunub”, – deyə o bildirib.
İran parlamentinin sədri bu təcrübənin digər regional məsələlərdə də tətbiqinin mümkün olduğunu qeyd edib.
“Regionda sabitliyə nail olmaq üçün Çinlə oxşar əməkdaşlıq modellərindən istifadə edə bilərik”, – deyə Qalibaf əlavə edib.
O, Pekinin İran və ərəb ölkələri ilə münasibətlərinin regionda təhlükəsizliyin gücləndirilməsi və yeni əməkdaşlıq mexanizmlərinin formalaşdırılması baxımından əhəmiyyətli olduğunu bildirib.
Qeyd edək ki, İran və Səudiyyə Ərəbistanı 2023-cü ilin martında Çinin vasitəçiliyi ilə diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər.
11:44 12.11.2026
Oxunuş sayı: 45