Süni intellektə yatırılan milyardlar əvvəlki qədər qazandırmayacaq
Rusiyanın “Sber” bankının süni intellektdən əldə etdiyi maliyyə gəlirlərinin artım tempinin qarşıdakı üç ildə zəifləyəcəyi gözlənilir.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə məlumat yayıb.
German Qref bildirib ki, son üç ildə süni intellektin tətbiqi bank üçün təxminən 1,5 trilyon rubl həcmində maliyyə faydası yaradıb.
“Ümumilikdə, son üç ildə süni intellektin tətbiqindən təxminən 1,5 trilyon rubl qazanmışıq. Müsbət maliyyə nəticəsi əhəmiyyətlidir”, – deyə o qeyd edib.
Bununla belə, bank rəhbərinin sözlərinə görə, 2027–2029-cu illərdə süni intellektə yatırılan investisiyaların həcmi artacaq, lakin əldə edilən maliyyə faydası xərclərlə eyni sürətlə yüksəlməyəcək.
Qref vurğulayıb ki, artan xərclərə baxmayaraq, bankın inkişaf strategiyasını süni intellektə investisiya qoymadan həyata keçirmək mümkün deyil.
O, həmçinin “Google” rəhbərinin süni intellektə kifayət qədər investisiya yatırmamağın gələcəkdə daha böyük xərclərə səbəb ola biləcəyi barədə fikirlərini xatırladıb.
“Biz də eyni qənaətdəyik”, – deyə Qref bildirib.
Bank rəhbəri daha əvvəl süni intellekti qeyri-adi və ya sehrli texnologiya kimi qiymətləndirmədiyini, əsas prioritetin müştərilərin maraqları olduğunu qeyd edib.
Onun sözlərinə görə, zərurət yaranarsa, bank süni intellekt texnologiyalarından istifadədən imtina etməyə də hazırdır.
13:10 12.11.2026
Oxunuş sayı: 39