Növbəti ABŞ-İran savaşı başlayacaq?
ABŞ Prezidenti Donald Trampın İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları yenidən başlatmağa ehtiyac görmədiyi barədə açıqlaması Vaşinqtonun Tehranla bağlı strategiyasını yenidən gündəmə gətirib. Halbuki ABŞ indiyədək İrana qarşı hərbi təzyiq siyasəti yürüdüb, müxtəlif mərhələlərdə hərbi əməliyyatlara və güc nümayişinə üstünlük verib. İndi isə Ağ Evin genişmiqyaslı hücumların davam etdirilməsinə ehtiyac görməməsi müəyyən suallar doğurur. Bu, ABŞ-nin qarşıya qoyduğu hərbi-siyasi məqsədlərə nail olması ilə, yoxsa müharibənin yaratdığı xərclərin və mümkün itkilərin artması ilə bağlıdır? Vaşinqtonun hərbi resursları uzunmüddətli qarşıdurmanı davam etdirmək üçün nə dərəcədə yetərlidir?
Mövzu ilə bağlı hərbi ekspert Emin Həsənli Crossmedia.az-a açıqlamasında qeyd edib ki, konqresdə keçirilən son seçkilərin nəticələrindən sonra Tramp İranla müharibənin seçkilərə təsir etdiyini gördü: “Düşünürəm ki, onun son açıqlamaları da bununla bağlı idi. Bununla belə, Trampın istər Rusiya-Ukrayna müharibəsi, istərsə də İranka müharibə ilə bağlı müxtəlif fikirlər səsləndirdiyini nəzərə alsaq, onun mövqeyi barədə indidən qəti fikir bildirmək çətindir. Gözləmək lazımdır ki, həm İsrail, həm də ABŞ bundan sonra hansı mövqedən çıxış edəcək və real vəziyyət necə inkişaf edəcək”.

E.Həsənli qeyd edib ki, hər kəs dünyada əmin-amanlığın və sabitliyin hökm sürməsini istəyir: “Lakin təəssüf ki, son illərdə bir çox ölkələr hərbi büdcələrini artırır. Bu isə dünyada gərginliyin getdikcə artdığını, dövlətlərin yeni texnologiyaların inkişafından daha çox hərbi üstünlük əldə etməyə önəm verdiyini göstərir. Ağıl və məntiq onu deyir ki, artıq dünya sülhə doğru yönəlməlidir. Ancaq reallıq tamamilə fərqlidir. Çünki hər bir dövlət öz təhlükəsizliyini təmin etmək və müdafiə imkanlarını gücləndirmək istiqamətində addımlar atır. Azərbaycan da regionda və dünyada baş verən prosesləri nəzərə alaraq öz dövlətini və ordusunu gücləndirir. Əsas məqsəd gələcəkdə yarana biləcək təhdidlərə qarşı dayanmaq, dövlətimizin suverenliyini, ölkəmizin və əhalimizin təhlükəsizliyini qorumaqdır”.
Ayhan
12:00 12.11.2026
Oxunuş sayı: 186