Almaniyada vəfat edən Əməkdar artist vəfat edib
Almaniyada yaşayan azərbaycanlı bəstəkar, pianoçu və orqan ifaçısı, Əməkdar artist Arif Mirzəyev ömrünün 83-cü ilində vəfat edib.
Crossmedia.az xəbər verir ki, 1944-cü ildə Bakıda anadan olan Arif Mirzəyev Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq ixtisası üzrə Qara Qarayevin sinfində təhsil alıb. Uzun müddət Moskvada yaşayıb, daha sonra Almaniyaya köçərək yaradıcılıq fəaliyyətini bu ölkədə davam etdirib. Burada diaspor fəaliyyətinə də fəal qoşularaq Azərbaycan həqiqətlərinin təbliği, milli-mənəvi dəyərlərimizin qorunması və yaşadılması istiqamətində ardıcıl və məqsədyönlü işlər görüb.
Azərbaycan musiqi tarixində dini-memorial, orqan və polifonik musiqinin əsasını qoyan, müasir musiqidə polistilistikanın ustadlarından biri kimi tanınan Arif Mirzəyev Şərq mədəniyyəti ilə Qərb klassik polifoniyasını özünəməxsus şəkildə sintez edərək zəngin yaradıcılıq irsi formalaşdırıb. Alman və rusiyalı həmkarlarının “Şərqin İohann Sebastyan Baxı” adlandırdığı bəstəkar “İohann Sebastyan Baxın varisləri” beynəlxalq medalına layiq görülüb. O həmçinin Robin Lenqli adına Orqan kitabxanasının donatorlarından biri olub.
Görkəmli bəstəkar Arif Mirzəyev 2022-ci ildə Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında iştirak edib. 2024-cü ildə 80 illik yubileyi və əvəzolunmaz xidmətlərinə görə Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondu və Almaniya Azərbaycanlıları Alyansı mərhumun nəşinin Azərbaycana gətirilməsi ilə bağlı zəruri işlər görür.
Diasporla İş üzrə Dövlət Komitəsi Arif Mirzəyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə, yaxınlarına və diaspor ictimaiyyətinə dərin hüznlə başsağlığı verir.
12:36 12.11.2026
Oxunuş sayı: 50