Torontoda Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
Kanadanın Toronto şəhərində 8 Noyabr – Zəfər Günü və 9
Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir
keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbir Azərbaycan
Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan
Respublikasının Kanadadakı Səfirliyinin dəstəyi, Kanadada fəaliyyət göstərən “Vətən”
Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Bayram tədbirində Kanada federal və əyalət parlamentlərinin
üzvləri, diplomatik korpusun nümayəndələri, səfirliyin əməkdaşları, Azərbaycan
diasporunun və yerli ictimaiyyətin təmsilçiləri, eləcə də tələbələr iştirak
ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının və Kanadanın Dövlət himnləri
səsləndirilib, Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi dərin
ehtiramla yad edilib.
Azərbaycanın Kanadada müvəqqəti işlər vəkili Vüsal
Süleymanov çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli
Azərbaycan ordusunun qazandığı şanlı Zəfərin xalqımızın tarixində müstəsna əhəmiyyət
daşıdığını, milli qürur və şərəf rəmzi olduğunu bildirib. Müharibədən sonrakı
dövrdə işğaldan azad edilən ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinə
diqqət çəkib. Ölkəmizin regionda davamlı sülhün və sabitlik mühitinin
yaradılması və qorunması istiqamətində həyata keçirdiyi qətiyyətli siyasətdən
danışıb.
“Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin və
Torontodakı Azərbaycan Evinin rəhbəri Lalin Həsənova Zəfər Gününün Azərbaycan
xalqının birliyinin, əzminin və mübarizə ruhunun təcəssümü olduğunu qeyd edib.
Bu tarixi Qələbənin xalqımızın yaddaşında xüsusi yer tutduğunu vurğulayıb.
Tədbirin bədii hissəsində Kanada Azərbaycan Evinin nəzdindəki
“Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdlərinin ifasında Azərbaycanın
milli rəqsləri nümayiş etdirilib.
16:16 06.11.2026
Oxunuş sayı: 25