İsveçdə Zəfər Gününə həsr olunan şahmat turniri keçirilib
İsveçin
Yöteborq şəhərində Azərbaycanın şanlı Zəfərinin 6-cı ildönümünə həsr olunan
şahmat turniri keçirilib.
Crossmedia.az
xəbər verir ki, turnir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət
Komitəsinin dəstəyi, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının və Azərbaycan
Qarabağ Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Yarışda
Yöteborq və ətraf bölgələrdə yaşayan uşaqlar və gənclər iştirak ediblər.
Ümumilikdə 16 iştirakçının qatıldığı turnir gənc nəslin intellektual
inkişafında, şahmata marağının artırılmasında və şanlı Zəfər tariximizin gənclər
arasında təbliğində mühüm rol oynayıb.
Əvvəlcə
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı və ərazi
bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
İsveç
Azərbaycanlıları Koordinasiya Şurasının Yöteborq üzrə koordinatoru, Azərbaycan
Qarabağ Mərkəzinin rəhbəri Ülviyyə Nəcəfova Zəfər Gününün Azərbaycan xalqının
tarixindəki mühüm yerindən və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə rəşadətli Azərbaycan ordusunun qazandığı bu böyük qələbənin gələcək nəsillərə
çatdırılmasının vacibliyindən danışıb.
Şahmat
müəllimi, turnirin təşkili və keçirilməsinə dəstək göstərən Pərviz Abbaszadə
yarışın qaydaları və formatı barədə iştirakçılara məlumat verib.
Maraqlı
və gərgin mübarizə şəraitində keçən turnirin nəticələrinə əsasən, Mikayıl Kərimli
birinci, Nuray Abbaszadə ikinci, Oğuzxan Hüseyn üçüncü, Fatma Hüseyn isə
dördüncü yeri tutub.
Yarışın
sonunda qaliblər təbrik olunub, bütün iştirakçıların fəallığı və idman əzmi
yüksək qiymətləndirilib.
Qeyd
edək ki, belə təşəbbüslər soydaşlarımız arasında milli-mənəvi dəyərlərin
qorunması, Vətən tarixinin təbliği, həmrəyliyin gücləndirilməsi və gənc nəslin
intellektual inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
12:02 06.11.2026
Oxunuş sayı: 27