Rumıniya səmasında gərgin anlar: PUA vuruldu
Rumıniyanın hava məkanını pozan daha bir pilotsuz uçuş aparatı (PUA) İspaniya Hərbi Hava Qüvvələrinə məxsus F-18 qırıcısı tərəfindən vurulub.
Crossmedia.az xəbər verir ki, Rumıniya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin məlumatına görə, avqustun 15-dən 16-na keçən gecə saat 04:44-də müşahidə sistemləri Moldovanın ərazisi istiqamətindən Rumıniyanın hava məkanına daxil olan hava obyektini qeydə alıb. Obyekt Qalats şəhərindən təxminən 24 kilometr şimalda aşkarlanıb.
Rumıniyada yerləşən 57-ci “Mixail Koqelniceanu” aviabazasında növbə çəkən İspaniya Hərbi Hava Qüvvələrinin F-18 qırıcısı hədəfi radar vasitəsilə izləyib və onu vurmaq üçün icazə alıb.
PUA yerli vaxtla saat 05:01-də vurulub. Onun qalıqları Qalats dairəsində yerləşən Beleni və Kudalbi yaşayış məntəqələri arasındakı yaşayış olmayan əraziyə düşüb.
Rumıniya Müdafiə Nazirliyi hadisə ilə bağlı əlavə məlumatların əldə olunduqca açıqlanacağını bildirib.
09:00 16.08.2026
Oxunuş sayı: 38