Yayın istisini qışa saxlayacaqlar – Finlandiyadan qeyri-adi enerji layihəsi
Finlandiyada qış aylarında şəhərin istilik təminatını asanlaşdırmaq üçün dünyada ən böyük istilik enerjisi anbarlarından birinin yaradılmasına başlanılıb. Layihə çərçivəsində istifadəsiz qalmış karxana nəhəng isti su anbarına çevrilir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, layihə Helsinki yaxınlığındakı Hyvinkaa şəhərində həyata keçirilir. Kulomaki karxanasında yaradılan anbara ümumilikdə 380 milyon litr su doldurulacaq.
225x165 metr ölçülərində və təxminən 20 metr dərinliyində olacaq su anbarının tutumu 380 min kubmetr təşkil edəcək. Onun üzəri xüsusi istilik izolyasiyalı örtüklə bağlanacaq.
Layihənin əsas məqsədi yay aylarında elektrik enerjisinin daha ucuz olduğu və istiliyə tələbatın azaldığı dövrdə artıq enerjini istilik şəklində toplamaq, qışda isə ondan istifadə etməkdir.
Bunun üçün su elektrik enerjisi və sənaye müəssisələrindən əldə edilən artıq istilik hesabına qızdırılacaq. Soyuq aylarda toplanmış istilik şəhərin mərkəzləşdirilmiş istilik şəbəkəsinə ötürüləcək.
Hesablamalara görə, anbar bir dəfəyə 18 min meqavat-saat istilik enerjisi saxlaya biləcək. Bu, şəhərin illik istilik tələbatının təxminən dörddəbirini qarşılamağa imkan verəcək.
Anbarın doldurulmasına 2026-cı ilin oktyabrında başlanılıb. İşlərin 2027-ci ilin aprel ayının sonunadək başa çatdırılması, obyektin isə həmin ilin payızında istifadəyə verilməsi planlaşdırılır.
Layihənin ümumi dəyəri təxminən 33 milyon avro qiymətləndirilir. Onun həyata keçirilməsi nəticəsində ildə təxminən 4 400 ton karbon qazı emissiyasının qarşısının alınacağı gözlənilir.
02:14 15.11.2026
Oxunuş sayı: 22