Android istifadəçilərinin çoxu bunu bilmir
Android smartfonlarının USB-C portu yalnız telefonu enerji ilə doldurmaq və faylları ötürmək üçün nəzərdə tutulmayıb. Bu giriş vasitəsilə müxtəlif cihazları birləşdirərək telefonun funksiyalarını genişləndirmək mümkündür.
Crossmedia.az xəbər verir ki, bu barədə “Pocket-lint” Məlumat yayıb.
Belə ki, USB-C portu vasitəsilə smartfonu oyun konsoluna, fayl yaddaşına, hətta kiçik iş kompüterinə çevirmək olar.
Telefonla istifadə edilə bilən 5 cihaz:
1. Oyun kontrolleri
USB-C girişinə qoşulan oyun kontrollerləri telefonda oyun oynamağı asanlaşdırır. Bu qurğular toxunma ekranındakı virtual düymələrdən istifadə ehtiyacını aradan qaldırır və daha dəqiq idarəetmə imkanı yaradır. Simsiz modellərdən fərqli olaraq, bir çoxu ayrıca enerji ilə doldurulmağa ehtiyac duymur.
2. USB-fləş yaddaş
USB-C vasitəsilə fləş yaddaşı birbaşa telefona qoşmaq mümkündür. Bu üsulla faylları köçürmək, saxlamaq və ehtiyat nüsxələr yaratmaq olar. Köhnə USB-A girişli fləşkartlar üçün adapter tələb olunur.
3. Digər cihazların enerji ilə doldurulması
Bəzi Android telefonları əks enerji ötürülməsi funksiyasını dəstəkləyir. Bunun sayəsində smartfondan istifadə edərək simsiz qulaqlıqları, ağıllı saatları və digər telefonları enerji ilə doldurmaq mümkündür. Lakin bu funksiya bütün modellərdə mövcud deyil.
4. Xarici monitor
USB-C vasitəsilə uyğun Android telefonunu xarici monitora qoşaraq videolara və digər məzmuna böyük ekranda baxmaq olar. Bəzi modellərdə klaviatura və siçan da qoşulduqda telefon kompüterə bənzər iş stansiyasına çevrilir. Bunun üçün cihazın USB-C üzərindən görüntü ötürülməsini dəstəkləməsi vacibdir.
5. Naqilli qulaqlıqlar
3,5 mm qulaqlıq girişi olmayan telefonlarda USB-C qulaqlıqlardan istifadə etmək mümkündür. Mövcud naqilli qulaqlıqları isə xüsusi adapter vasitəsilə smartfona qoşmaq olar.
Beləliklə, USB-C portu Android telefonlarının imkanlarını genişləndirərək onları gündəlik iş, əyləncə və məlumat mübadiləsi üçün daha funksional cihaza çevirir.
01:11 15.11.2026
Oxunuş sayı: 30