Epşteyn qalmaqalında yeni sənədlər ortaya çıxıb
“Playboy” jurnalının qurucusu Hyu Hefner 2005-ci ildə maliyyəçi Ceffri Epşteynlə bağlı Federal Təhqiqatlar Bürosuna (FTB) məlumat verib.
Crossmedia.az “New York Post”-a istinadən xəbər verir.
Bu barədə Epşteynin 32 ehtimal olunan qurbanının ABŞ hökumətinə qarşı qaldırdığı yenilənmiş iddiada qeyd olunur.
İddiaçılardan biri, keçmiş “Playboy” modeli Audra Linn Kristiansen bildirib ki, o, Hefnerə Epşteyn tərəfindən cinsi zorakılığa və insan alverinə məruz qaldığını danışıb və hüquq-mühafizə orqanlarına müraciət etməsini istəyib.
Sənəddə qeyd olunur ki, Hefner bu barədə bir neçə dəfə FTB-yə məlumat verib. Lakin iddiaçılar bildirirlər ki, FTB Kristiansenlə yalnız 2020-ci ilin oktyabrında – hadisədən 15 il sonra və Epşteynin ölümündən sonra əlaqə saxlayıb.
Zərərçəkənlər FTB-ni maliyyəçinin cinayətləri ilə bağlı çoxsaylı məlumatlara illər ərzində lazımi reaksiya verməməkdə ittiham edirlər. FTB isə işi dayandırmağa çalışır və daxil olan hər bir müraciəti araşdırmaq öhdəliyinin olmadığını bildirir.
Qeyd edək ki, Ceffri Epşteyn 2008-ci ildə Floridada yetkinlik yaşına çatmayan şəxslə bağlı fahişəlik ittihamı üzrə təqsirini qəbul edib və prokurorluqla mübahisəli razılaşma əldə edib. 2019-cu ildə isə o, azyaşlıların cinsi istismarı və insan alveri ilə bağlı federal ittihamlarla yenidən həbs olunub. Bir ay sonra Epşteyn Nyu-Yorkdakı həbsxana kamerasında ölü tapılıb və onun ölümü rəsmi olaraq intihar kimi qiymətləndirilib.
21:24 15.08.2026
Oxunuş sayı: 42