Kondisioner xəstəlik yayır - istifadəni dayandırın
Yay aylarında kondisioner istidən xilas vasitəsinə çevrilsə də, ondan düzgün istifadə edilmədikdə sağlamlıq üçün ciddi problemlər yarana bilər. Kondisionerin otağın ölçüsünə uyğun seçilməsindən tutmuş, mütəmadi təmizlənməsinə və temperatur fərqinin düzgün müəyyənləşdirilməsinə qədər bir sıra vacib məqamlar var. Xüsusilə uşaqların, yaşlıların və xroniki xəstəlikləri olan şəxslərin kondisionerdən istifadəsi zamanı daha diqqətli olmaq lazımdır. Kondisionerin uzun müddət fasiləsiz işlədilməsi, temperaturun həddindən artıq aşağı salınması və gigiyenik qaydalara əməl olunmaması soyuqdəymə, bronxit və yuxarı tənəffüs yolları ilə bağlı problemlərin yaranmasına səbəb ola bilər. Bəs kondisionerdən düzgün istifadə necə olmalıdır?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla kondisionerlərin işləmə mexanizmi üçün konkret qaydaların olduğunu deyib.
"Kondisioner otağın sahəsinə uyğun seçilməlidir. Otaq böyükdürsə və kondisionerin gücü həmin sahəni soyutmağa çatmırsa, cihaz otağı lazımi səviyyədə soyuda bilməyəcək. Əksinə, həddindən artıq güclü kondisionerin kiçik otaqda istifadə olunması otağın normadan artıq soyumasına və daha ciddi fəsadların yaranmasına gətirib çıxara bilər. Buna görə kondisionerin otağın sahəsinə uyğun seçilməsi çox vacib şərtdir. Digər mühüm məsələ kondisionerlərin hər il təmizlənməsidir. Onlar yuyulmalı, hava yolları təmizlənməlidir. Çünki kondisionerlərin daxilində nəmlik yaranır və burada Legionella kimi müxtəlif patogen bakteriyalar qala bilər. Həmin bakteriyalar hava vasitəsilə tənəffüs yollarına düşdükdə insanlarda legionellyoz pnevmoniyasına səbəb ola bilər. Bu, ağır xəstəlikdir və bəzən “kondisioner xəstəliyi” də adlandırılır. Buna görə kondisionerlərin gigiyenasına ciddi diqqət yetirilməlidir".

Ekspert qeyd edib ki, kondisionerdən istifadə zamanı çöl və otaq temperaturu arasındakı fərq də nəzərə alınmalıdır: "Çöldə temperatur 35 dərəcədirsə, kondisionerin 18 dərəcəyə qoyulması otaqda həmin temperaturun əldə olunacağı anlamına gəlmir. Cihaz uzağı 24–25 dərəcəlik temperatur təmin edə bilər. Kondisionerin əlavə yüklənməsinin qarşısını almaq və optimal işləməsini təmin etmək üçün temperaturu çöl ilə otaq arasında 7–8 dərəcədən çox fərq yaratmayacaq şəkildə tənzimləmək lazımdır. Kondisionerin əsas məqsədi otaqdakı isti havanı soyutmaq, nəmləndirmək və havada asılı qalan su damcılarını kondensasiya etməkdir. Kondisionerdən axan su da məhz bu proses nəticəsində yaranır və cihaz həmin prinsiplə fəaliyyət göstərir. Xroniki xəstəlikləri olan uşaqlar, yaşlılar və digər xroniki xəstəliyi olan şəxslər kondisionerdən istifadə edərkən soyuqdəymənin qarşısını almaq üçün müəyyən fasilələr verməlidirlər. Otaq temperaturu komfortlu həddə çatdıqda kondisioneri söndürmək, 10–15 dəqiqə fasilə vermək və daha sonra yenidən qoşmaq olar. Yenidən qoşulma isə otaqdakı komfort səviyyəsindən asılı olmalıdır. Kondisioneri səhərdən axşama qədər fasiləsiz və aktiv şəkildə işlətmək bəzi hallarda soyuqdəymə xəstəliklərinə, bronxitə, yuxarı tənəffüs yollarında olan virusların və digər infeksiyaların fəallaşmasına gətirib çıxara bilər. Buna görə kondisionerdən istifadə zamanı müəyyən edilmiş qaydalara və cihazın istismar təlimatlarına ciddi əməl etmək lazımdır".
Zeynəb Həsən
14:20 10.08.2026
Oxunuş sayı: 47