Təhlükəsiz limanlara qaçış: Qızılın qiymətləri niyə artır?
Yaxın Şərqdə baş verən hadisələr və artan geosiyasi risklər fonunda qızılın qiymətinin 3 faizə yaxın yüksəlməsi bazarlarda “təhlükəsiz liman” axtarışının gücləndiyini göstərir.
Qlobal qeyri-müəyyənlik dövrlərində investorların riskli aktivlərdən uzaqlaşaraq, qızıla yönəlməsi artıq klassik tendensiyaya çevrilib. Münaqişələrin uzanması, inflyasiya təzyiqləri və mərkəzi bankların siyasəti qızılın qiymət dinamikasına birbaşa təsir edən əsas amillər kimi ön plana çıxır.
Dünyanın əsas qızıl istehsalçıları sırasında Çin, Rusiya, Avstraliya, Qana və ABŞ yer alır və qiymət artımından ən çox fayda əldə edə biləcək ölkələr də məhz bunlardır.
Eyni zamanda, böyük qızıl ehtiyatlarına malik mərkəzi banklar da bahalaşmadan dolayı əlavə gəlir və ya aktiv dəyəri artımı qazana bilər.
Belə bir şəraitdə əsas sual qızılın qiymət artımının davamlı olub-olmayacağı və bu prosesin qlobal iqtisadiyyata necə təsir göstərəcəyidir.
Mövzu ilə bağlı iqtisadçı Eyyub Kərimli Crossmedia.az-a açıqlama verib:

"Sözsüz ki, Yaxın Şərqdə gedən münaqişələr iqtisadiyyata və makroiqtisadi münasibətlərə mənfi təsir göstərir. Belə qeyri-müəyyənlik şəraiti investorları daha sabit investisiya alətlərinə yönəlməyə sövq edir. Hazırda investorların bir qismi təhlükələrlə bağlı gözləmə mövqeyindədir və bu səbəbdən daha etibarlı hesab olunan aktivlərə, xüsusilə, qızıla maraq və diqqət artıb.
Qiymət artımı da məhz bununla əlaqədardır. Hesab edirəm ki, münaqişə daha uzun müddət davam edərsə, qızılın qiymətində artımın davam etməsi mümkündür".
İqtisadçı qeyd edib ki, qızılın bahalaşmasından isə əsasən ixracatçı ölkələr daha çox qazanc əldə edirlər:
"Hazırda dünyada əsas qızıl istehsalçıları Çin, Rusiya, Avstraliya, Qana və ABŞ-dır. Digər tərəfdən, böyük qızıl ehtiyatları formalaşdırmış mərkəzi banklar da bu artımdan gəlir əldə edə bilərlər.
Sözsüz ki, bu münaqişə təkcə qızıl bazarına deyil, digər sahələrə, xüsusilə neftin qiymətinə də təsir göstərə bilər. Bu baxımdan münaqişənin uzanması ümumilikdə dünya üzrə qiymət artımına səbəb ola, həmçinin digər məhsulların, xüsusilə Çin istehsalı malların qiymətlərinə ciddi təsir göstərə bilər".
11:52 04.03.2026
Oxunuş sayı: 520