“Azərbaycan mümkün təxribatlara hazır olmalıdır” - Tural Abbaslı
Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı təkcə bir abidənin istifadəyə verilməsi deyil, həm də tarixi ədalətin və milli iradənin nümayişi kimi dəyərləndirilə bilər.
Bu mərasimdə səslənən mesajlar Azərbaycan dövlətinin keçdiyi yolu, qazandığı gücü və formalaşdırdığı yeni reallığı açıq şəkildə ortaya qoydu. Prezident İlham Əliyevin çıxışı həm keçmişin ağrılarına, həm də bu günün gücünə söykənən siyasi mövqenin ifadəsi oldu.
Dövlət başçısı vurğuladı ki, Azərbaycan artıq zəif, təsir altına salına bilən ölkə deyil. Qarabağ zəfərindən sonra formalaşan yeni geosiyasi şərait və ölkənin artan hərbi-siyasi potensialı onu göstərir ki, istənilən mümkün təxribat cəhdinə qarşı adekvat və qətiyyətli cavab vermək gücündədir. “Artıq Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil” mesajı həm daxili auditoriyaya, həm də xarici qüvvələrə ünvanlanan açıq siyasi siqnaldır.
Beləliklə, Prezidentin “heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin” bəyanatı təkcə xəbərdarlıq deyil, həm də müasir Azərbaycanın gücünə, özünəinamına və sülhü təmin etmək qabiliyyətinə verilən qiymətdir.
Mövzu ilə bağlı Ağ partiya sədri Tural Abbaslı Crossmedia.az-a açıqlama verib:

"Azərbaycana qarşı təxribat törətmək istəyən dövlətlər və qüvvələr var. Xüsusilə, İkinci Qarabağ müharibəsindən sonra bu qüvvələr daha da aktivləşib, fəaliyyətlərini genişləndiriblər. Niyə? Çünki dünənə qədər Azərbaycanı Qarabağ problemi vasitəsilə müəyyən çərçivədə saxlayan, ona müxtəlif istiqamətlərdən təsir göstərən qüvvələr artıq bu rıçaqları itiriblər. Qarabağ məsələsi həll olunduqdan sonra Azərbaycan həm siyasi, həm də iqtisadi baxımdan daha müstəqil xətt yürütməyə başlayıb və onların orbitindən çıxıb.
Məhz buna görə də həmin qüvvələr yeni təsir imkanları, yeni təzyiq mexanizmləri axtarırlar. Bu təsir formaları müxtəlif ola bilər: siyasi müstəvidə, iqtisadi sahədə, yaxud müasir texnologiyaların inkişaf etdiyi bir dövrdə kiberhücumlar və hibrid müharibə üsulları vasitəsilə. Dövlət olaraq biz bütün bu risklərə hazır olmalıyıq.
Ümumiyyətlə, dünyada mövcud olan hər bir dövlətə qarşı müəyyən qüvvələrin maraqları olur və həmin maraqları reallaşdırmaq üçün təxribat cəhdləri mümkündür.
Buna görə də istər hazırda bizə qarşı aktiv şəkildə fəaliyyət göstərmək istəyən qüvvələr olsun, istərsə də potensial risklər – biz həm cəmiyyət olaraq, həm dövlət strukturları olaraq, həm hüquq-mühafizə orqanları, siyasi institutlar və media olaraq kənardan gələn təsirlərə qarşı daim hazır vəziyyətdə olmalıyıq".
T.Abbaslı əlavə edib ki, Azərbaycanın yerləşdiyi regionu nəzərə alsaq – şimal, cənub və qərb qonşularımızı, eləcə də böyük güclərin maraqlarının toqquşduğu geosiyasi məkanı – aydın olur ki, ölkəmiz həssas bir coğrafiyada yerləşir:
"Bu baxımdan Azərbaycan daim mümkün təxribatların təsiri altına salınmağa cəhd edilə bilər.
Əsas məsələ təxribatın olub-olmaması deyil. Təxribat cəhdləri hər zaman mümkündür və olacaq. Əsas məsələ bizim buna nə dərəcədə hazır olmağımızdır. Əgər biz hazır olsaq, istənilən qüvvə təxribat törətmək istəsə belə, bunun ciddi nəticəsi olmayacaq. Lakin hazır olmasaq, təəssüf ki, bunun fəsadlarını yaşaya bilərik".
Ayhan
11:20 02.03.2026
Oxunuş sayı: 650