Rusiyanın Türk dünyası ilə bağlı tərəddüdü Azərbaycanla münasibətlərə necə təsir edir? - Partiya sədri danışdı
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında, Rusiyanın Azərbaycanın iştirakı ilə C5+ formatına qoşulmaq istəyi ilə bağlı sualın cavabında bildirib ki, Rusiya ilə C5+ formatı (Mərkəzi Asiya ölkələri ilə) çərçivəsində əməkdaşlıq Azərbaycan üçün prioritet deyil.
Onun sözlərinə görə, Azərbaycan üçün Mərkəzi Asiya ölkələri ilə münasibətlər xüsusi xarakter daşıyır. C.Bayramov xatırladıb ki, noyabr ayında Daşkənddəki sammitdə Azərbaycanın Mərkəzi Asiya ölkələri (C5) formatında tam hüquqlu iştirakı faktiki olaraq rəsmiləşdirilib ki, bu da son illər ərzində gedən proseslərin məntiqi nəticəsi olub.
Nazir qeyd edib ki, Azərbaycan üçün vacib olan cari hadisələri və həyata keçirilən layihələri nəzərə alaraq ümumi qarşılıqlı fəaliyyət formatında müzakirə və qərarların qəbul edilməsidir: "Bütün bunlarla yanaşı, biz Mərkəzi Asiya ölkələrinin C5+ kontekstində çoxsaylı formatlarının olduğunu yaxşı bilirik, onların sayı ondan çoxdur, o cümlədən Rusiya Federasiyası ilə də. Hazırda bizim üçün C5+ formatı prioritet deyil, bizim üçün prioritet Mərkəzi Asiya ölkələrinin özləridir".
"Rusiya Federasiyası ilə bizim ikitərəfli geniş gündəliyimiz var, biz onlarla birlikdə digər beynəlxalq təşkilatların üzvüyük və bu davam edəcək", - nazir əlavə edib.
Son illər dəyişən regional və qlobal geosiyasi şərtlər fonunda müxtəlif əməkdaşlıq formatları dövlətlərin xarici siyasət gündəmində xüsusi yer tutur. Xüsusilə Mərkəzi Asiya ölkələri ilə əlaqələr çərçivəsində formalaşan C5+ formatları bu kontekstdə diqqət mərkəzinə düşür. Rusiyanın Azərbaycanın da bu formatda iştirakı ilə bağlı maraq göstərməsi fonunda rəsmi Bakının mövqeyi aktual müzakirə predmetinə çevrilib. Azərbaycanın xarici siyasət prioritetlərinin hansı istiqamətlər üzrə formalaşdığı və bu cür platformalara münasibəti ilin yekunlarına dair keçirilən mətbuat konfransında bir daha aydın şəkildə ifadə olunub.

Məsələ ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Crossmedia.az-a açıqlama verib:
"Mərkəzi Asiya türk dövlətləri ilə Azərbaycanın əməkdaşlığı Rusiyaya alternativ və ya ona qarşı qurulan bir prioritet deyil. Lakin bir məsələ aydındır ki, bu gün Azərbaycanın Mərkəzi Asiya və ümumilikdə türk dövlətləri ilə əməkdaşlığı ölkə üçün prioritet istiqamətlərdən biridir. Xüsusilə Türkiyə və digər türk dövlətləri ilə münasibətlər strateji xarakter daşıyır. Bununla belə, Rusiyanın bu proseslərə hansı mövqedən yanaşdığı hələlik tam şəkildə aydın deyil. Məsələn, Rusiyanın Qazaxıstan və digər postsovet məkanındakı türk dövlətlərinə münasibəti hələ bütün detalları ilə formalaşmış sayılmaz. Bu baxımdan səsləndirilən fikrin də məhz bu kontekstdə deyildiyi ehtimalı istisna olunmur".
S.Rüstəmxanlı əlavə edib ki, Rusiya Azərbaycanın qonşusudur və bu ölkə ilə əməkdaşlıq hər zaman Azərbaycan üçün vacib olaraq qalacaq: "Rusiyada yaşayan "Azərbaycan vətəndaşları, eləcə də mövcud iqtisadi əlaqələr bu münasibətlərin əhəmiyyətini artırır və bunları nəzərə almamaq mümkün deyil. Eyni zamanda Azərbaycan tranzit ölkədir və Rusiya, Türkiyə, İran kimi regional güclərin qarşılıqlı münasibətlərində mühüm geostrateji mövqeyə malikdir. Bu səbəbdən Azərbaycan regionda həmişə vacib aktorlardan biri olaraq qalır".
14:56 29.12.2025
Oxunuş sayı: 2866