Heydər Əliyev müstəqil Azərbaycan dövlətini quraraq dövlətçilik ənənələrinin varisliyini təmin etmişdir - Deputat
Azərbaycanın müasir siyasi tarixini Heydər Əliyevin adı olmadan nə anlamaq, nə də izah etmək mümkündür. XX əsrin ən çətin dönəmlərində xalqın xilaskarı kimi səhnəyə çıxan Ulu Öndər, dövlətçiliyin məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda milli varlığımızı qoruyub saxladı, siyasi xaosu məqsədyönlü inkişaf strategiyasına çevirdi və müstəqil Azərbaycanın bünövrəsini qoydu. Onun siyasi fəaliyyəti təkcə bir dövrün hadisələri deyil – bu, bütöv bir millətin yenidən dirçəliş salnaməsidir. Heydər Əliyev siyasi liderlik anlayışına yeni məzmun gətirən şəxsiyyət idi. O, rəhbərliyi təkcə idarəçilik kimi deyil, həm də milli məsuliyyət kimi dərk edir, hər qərarını dövlətçilik fəlsəfəsinə söykəyirdi. Azərbaycan xalqını bir amal ətrafında birləşdirməyi, siyasi sistemi sabitləşdirməyi və dövlətçiliyin intellektual əsaslarını formalaşdırmağı bacaran lider kimi tarixə düşdü. Onun iradəsi ilə formalaşan siyasi kurs Azərbaycanın müstəqilliyini qoruyub saxlamaqla kifayətlənmədi; ölkəni regionun ən sabit, ən güclü və ən nüfuzlu dövlətlərindən birinə çevirdi. Bu gün Azərbaycanın əldə etdiyi bütün strateji nailiyyətlərin mərkəzində məhz Heydər Əliyevin uzaqgörən siyasəti, dəmir iradəsi və dövlətçilik zəkası dayanır.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Ulu öndər Heydər Əliyevlə bağlı fikirlərini Crossmedia.az-la bölüşüb:

“Böyük dövlət xadimi, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini quraraq dövlətçilik ənənələrinin varisliyini təmin etmiş və bununla da ölkəmizin tarixində öz imzasını əbədi olaraq həkk etmişdir. Dövlət quruculuğu ilk növbədə siyasi elmdə liderliklə əlaqələndirilir. Çünki dövlət yaratmaq xalqın siyasi baxımdan təşkilatlanması deməkdir və bu proses sosiologiyanın müəyyən etdiyi kimi, mütləq güclü lideri tələb edir. Ulu Öndər Heydər Əliyev məhz bu missiyanı yerinə yetirərək Azərbaycan xalqını siyasi cəhətdən təşkilatlandırdı və müstəqil Azərbaycan dövlətini qurmağı bacardı. Buna görə də biz Heydər Əliyevi yalnız böyük dövlət xadimi kimi deyil, həm də Ümummilli Lider kimi dəyərləndiririk. Bu, tamamilə haqlıdır. Çünki dövlət bütün vətəndaşların hüquqlarını qoruyan, onlara azadlıqlar tanıyan, təhlükəsizliyini təmin edən, sosial rifahını yüksəltməyə çalışan ali institutdur”.
H.Babaoğlu qeyd edib ki, üstəlik, Azərbaycan kimi mürəkkəb geosiyasi məkanda, 1990-cı illərin əvvəllərində ölkənin son dərəcə ağır, çətin vəziyyətdə olduğu bir dövrdə dövlətin funksionallığını təmin etmək, iqtisadi təməllərini qoymaq, xarici siyasət strategiyasını formalaşdırmaq olduqca böyük tarixi məsuliyyət tələb edirdi. Heydər Əliyevin rəhbərliyi sayəsində bu missiya uğurla həyata keçirildi: Məhz Ulu Öndərin qurduğu müstəqil Azərbaycan bu gün qalib, qüdrətli və nüfuzlu bir dövlətə çevrilmişdir. Azərbaycan xalqı onun göstərdiyi böyük xidmətləri daim dərin ehtiramla xatırlayır, Ulu Öndərin əziz xatirəsini uca tutur”.
Ayhan
18:39 12.12.2025
Oxunuş sayı: 2698