Bu vitamin xərçəng xəstəliyindən qoruyur
Kanadada aparılan yeni araşdırma C vitamininin həzm prosesi zamanı xərçəng riski ilə əlaqələndirilən bəzi kimyəvi maddələrin yaranmasını azalda biləcəyini üzə çıxarıb. Xüsusilə kolbasa, sosis kimi emal olunmuş ətlərdəki nitrat və nitritlərin mədədə zərərli birləşmələrə çevrilməsinin C vitamini vasitəsilə məhdudlaşdırıla biləcəyi müəyyən edilib.
Crossmedia.az xəbər verir ki, araşdırma çərçivəsində tüpürcək vəziləri, mədə, nazik bağırsaq və qan plazmasını əhatə edən kompüter modelləşdirmələri aparılıb.
Nəticələr göstərib ki, ispanaq kimi yaşıl yarpaqlı tərəvəzlərdə təbii şəkildə olan C vitamini nitratların zərərli kimyəvi birləşmələrə çevrilməsini məhdudlaşdıra bilər. Yeməkdən sonra C vitamini qəbulunun da bu prosesə müəyyən təsir göstərə biləcəyi ehtimal edilir.
Bununla belə, alimlər araşdırmanın kompüter simulyasiyalarına əsaslandığını və C vitamininin insanlarda xərçəngin qarşısını aldığının hələ klinik olaraq sübut edilmədiyini vurğulayıblar. Mütəxəssislər nəticələrin təsdiqlənməsi üçün əlavə tədqiqatlara ehtiyac olduğunu bildirirlər.
02:07 18.11.2026
Oxunuş sayı: 118