Apple çökdü: Səbəbi bilinmir — Detallar
ABŞ-nin texnologiya nəhəngi Apple-ın bir sıra rəqəmsal xidmətlərində genişmiqyaslı texniki nasazlıq qeydə alınıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, noyabrın 17-də başlayan problemlər nəticəsində istifadəçilər App Store, Apple Pay, Apple Music, iCloud və digər platformalara daxil olmaqda çətinlik çəkiblər.
"Downdetector" platformasında "Apple" xidmətləri ilə bağlı şikayətlərin sayı kəskin artıb.
ABŞ ilə yanaşı, Braziliya, Yunanıstan və Latviya kimi ölkələrdən də nasazlıqlar barədə məlumatlar daxil olub.
İstifadəçilərin bildirdiyinə görə, bəzi "Apple" hesablarından avtomatik çıxış edilib. Yenidən hesaba daxil olmaq istəyənlər isə təsdiqləmə xətaları ilə qarşılaşıblar.
Bundan başqa, "App Store" vasitəsilə tətbiqlərin yüklənməsi və yenilənməsi prosesində də problemlər yaranıb. iPhone cihazlarının aktivləşdirilməsi və Apple hesablarına giriş də nasazlıqdan təsirlənən xidmətlər arasında olub.
Şirkət yaranmış problemlərin səbəbi ilə bağlı hələlik ətraflı açıqlama verməyib.
Apple-ın sistem vəziyyəti səhifəsində bəzi xidmətlər işlək görünsə də, istifadəçilər müxtəlif platformalarda problemlərlə üzləşdiklərini bildiriblər.
Qeyd edək ki, nasazlığın kiberhücum nəticəsində baş verdiyinə dair təsdiqlənmiş məlumat yoxdur. Problemin dəqiq səbəbi və bütün xidmətlərin nə vaxt tam bərpa ediləcəyi hələlik məlum deyil.
22:30 17.11.2026
Oxunuş sayı: 36