Kirayə ödəyib ev sahibi olmaq istəyənlərə XƏBƏRDARLIQ
Mənzil sahibi olmaq Azərbaycanda bir çox ailə üçün aktual sosial-iqtisadi
məsələlərdən biri olaraq qalır. Xüsusilə daşınmaz əmlak bazarında mənzil
qiymətlərinin və ilkin ödəniş tələblərinin yüksək olması, eləcə də bank
ipotekası üçün müəyyən edilmiş şərtlərin hər kəsin imkanlarına uyğun gəlməməsi
vətəndaşları alternativ mənzil əldə etmək mexanizmlərinə yönəldir. Bu baxımdan
İpoteka və Kredit Zəmanət Fondunun həyata keçirdiyi satmaq öhdəliyi ilə kirayə
mexanizmi əhalinin mənzil təminatının yaxşılaşdırılması istiqamətində diqqət
çəkən vasitələrdən biridir.
Mexanizmin əsas üstünlüyü ondan ibarətdir ki, vətəndaş mənzilin dəyərini
birdəfəlik ödəmədən, müəyyən edilmiş aylıq ödənişlər əsasında yaşayış
sahəsindən istifadə edə və müqavilə şərtlərini yerinə yetirdikdən sonra
mənzilin mülkiyyətçisinə çevrilə bilər. Fondun bu dəfə Bakı, Sumqayıt və
Abşeron rayonunun Saray qəsəbəsində ümumilikdə 91 yeni mənzili vətəndaşların
seçiminə təqdim etməsi mənzilə ehtiyacı olan ailələr üçün yeni imkan yaradır.
Lakin mexanizmin real əlçatanlığı, aylıq ödənişlərin ailə büdcəsinə təsiri, mənzillərin yerləşdiyi ərazilər və ümumi maliyyə yükü müzakirə olunmalı məsələlərdəndir. Xüsusilə aylıq ödənişlərin 419 manatdan başlaması bu imkanın müxtəlif gəlir qrupları üçün nə dərəcədə əlçatan olması sualını gündəmə gətirir. Digər tərəfdən, mənzilin yekun dəyəri, müqavilənin müddəti və ödəniş şərtləri də vətəndaşın qərarına təsir edən əsas amillərdir.

Crossmedia.az-a açıqlamasında iqtisadçı
Akif Nəsirli bildirib ki, satmaq öhdəliyi ilə kirayə mexanizmi Azərbaycanda
mənzilə əlçatanlığın artırılması baxımından müəyyən imkanlar yaradır:
“Xüsusilə, mənzilin tam dəyərini birdəfəlik ödəmək və ya ipoteka üçün yüksək
ilkin ödəniş etmək imkanı olmayan ailələr üçün alternativ maliyyələşmə
vasitəsidir. Lakin aylıq ödənişin 419 manatdan başlaması mexanizmin bütün
aztəminatlı əhali üçün əlçatan olması demək deyil. Çünki vətəndaş müqavilə
bağlayarkən ən azı 12 aylıq ödənişi əvvəlcədən etməlidir. Bu isə minimum
ödənişlə hesablandıqda 5028 manat ilkin vəsait tələb edir. Digər tərəfdən,
rəsmi və sabit gəlir, qənaətbəxş kredit tarixçəsi də vacib şərtlərdir. Ona görə
də mexanizm daha çox aşağı-orta və orta gəlirli, müəyyən yığıma malik ailələr
üçün real imkan yaradır. Rəsmi hesablamada 419 manatlıq ödəniş üçün digər
borclar nəzərə alınmaqla təxminən 525-600 manat xalis aylıq gəlir kifayət edə
bilsə də, ailənin gündəlik xərclərini nəzərə alsaq, daha yüksək gəlirə malik
olmaq vacibdir.
Bu mexanizmin adi ipoteka ilə müqayisədə əsas üstünlüyü ilkin maliyyə
yükünün nisbətən aşağı olması, mənzilin hazır və təmirli şəkildə təqdim
edilməsi, vətəndaşın orada yaşamaqla yanaşı, ödənişləri başa çatdırdıqdan sonra
mülkiyyət hüququ əldə etməsidir. İpotekada isə vətəndaş mənzilin mülkiyyətçisi
olur, lakin kredit tam ödənilənədək əmlak bank qarşısında girovda qalır. Eyni
zamanda, ipoteka kreditində faiz xərcləri, satmaq öhdəliyi ilə kirayədə isə
mənzilin alış qiymətinə Fondun maliyyələşmə, sığorta və idarəetmə xərcləri
daxil edilir. Buna görə də mexanizmlərdən hansının daha sərfəli olduğunu yalnız
aylıq ödənişə əsasən müəyyənləşdirmək olmaz. Mənzilin yekun qiymətini və bütün
ödənişləri müqayisə etmək lazımdır.
Vətəndaşlar müraciət etməzdən əvvəl mənzilin ümumi alış qiymətini,
müqavilənin müddətini, 12 aylıq ilkin ödənişin məbləğini və sonrakı aylıq
ödənişləri diqqətlə hesablamalıdırlar. Xüsusilə, gələcəkdə gəlirlərinin
azalması və ya işlərini itirmələri ehtimalını da nəzərə almalıdırlar. Çünki
ödənişlərin 60 gündən artıq gecikdirilməsi müqavilənin vaxtından əvvəl ləğvinə
səbəb ola bilər. Ən ciddi risklərdən biri isə müqavilə vətəndaşın təqsiri
üzündən ləğv edildikdə, əvvəl ödədiyi məbləğlərin, o cümlədən ilkin 12 aylıq
ödənişin geri qaytarılmamasıdır. Buna görə də bu mexanizmə sadəcə ucuz mənzil
əldə etmək imkanı kimi deyil, uzunmüddətli maliyyə öhdəliyi kimi yanaşmaq
lazımdır.
Bir məqamı da nəzərə almaq lazımdır: İpoteka və Kredit Zəmanət Fondunun məlumatına görə, satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi üzrə yeni müraciətlərin qəbulu 6 oktyabr 2026-cı il tarixindən müvəqqəti dayandırılıb”.
Məhəbbət Tərlanoğlu
18:55 17.11.2026
Oxunuş sayı: 75