ABŞ-də minlərlə uçuş ləğv edildi, nazir futbol matçına getdi
ABŞ-nin daxili təhlükəsizlik naziri Markueyn Mallin (Markwayne Mullin) ölkə üzrə minlərlə aviareysin ləğv edilməsinə səbəb olan texniki nasazlıqdan bir gün sonra dövlət təyyarəsi ilə futbol matçını izləməyə gedib.
Crossmedia.az xəbər verir ki, "New York Post" bu barədə məlumat yayıb.
Bildirilib ki, noyabrın 14-də Mallin dövlətə məxsus təyyarə ilə Luiziana ştatına yollanaraq Texas və Luiziana Dövlət Universitetinin (LSU) komandaları arasında keçirilən Amerika futbolu matçını izləyib.
Nazirin səfəri ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) sistemində yaranan genişmiqyaslı nasazlıqdan sonraya təsadüf edib. Noyabrın 13-də baş verən hadisə nəticəsində ölkə üzrə təxminən 7 min aviareys ləğv edilib, 8 min uçuş isə gecikib.
Məlumata görə, Mallin oyunu Luiziana ştatında fəaliyyət göstərən "Bollinger" şirkətinin rəhbəri Ben Bordelonun şəxsi VIP lojasından izləyib.
Bordelonun rəhbərlik etdiyi şirkətin ABŞ Daxili Təhlükəsizlik Nazirliyi ilə milyardlarla dollarlıq müqavilələri var. Bunların arasında altı buzqıran gəminin inşası üçün bağlanmış 2,2 milyard dollarlıq müqavilə də yer alır.
Daxili Təhlükəsizlik Nazirliyi isə səfərlə bağlı açıqlamasında bildirib ki, Mallin təhlükəsizlik tələblərinə görə dövlət təyyarəsindən istifadə etməlidir.
Qurumun məlumatına əsasən, nazir şəxsi səfərin xərclərini özü ödəyib və etik davranış qaydalarına riayət edib.
17:25 17.11.2026
Oxunuş sayı: 82