Damarların gizli düşməni: Hər gün yediyimiz hansı qidalar təhlükəlidir?
Damar sağlamlığına təsir edən amillər arasında qidalanma xüsusi yer tutur.
Gündəlik istehlak etdiyimiz qidaların tərkibi, onların hazırlanma üsulu və
bir-biri ilə hansı formada birləşdirilməsi ürək-damar sisteminin fəaliyyətinə
birbaşa təsir göstərə bilər. Xüsusilə şəkər və nişasta ilə zəngin məhsulların
rafinə edilmiş bitki yağları ilə birlikdə müntəzəm qəbulu sağlamlıq baxımından
narahatlıq doğuran məsələlərdən biri kimi qiymətləndirilir. Fastfud, kartof
fri, burger, dönər, müxtəlif un məmulatları və sənaye üsulu ilə hazırlanan
qəlyanaltılar bu cür qida birləşmələrinə nümunə göstərilə bilər.
Müasir həyat tərzində sürətli qidalanmaya üstünlük verilməsi,
yarımfabrikatların və yüksək kalorili məhsulların gündəlik menyuda daha çox yer
alması bu məsələni aktuallaşdırır. Belə qidaların uzun müddət və normadan artıq
istehlakı piylənmə, insulin müqaviməti, qanda lipid balansının pozulması və
ateroskleroz kimi problemlərin yaranma riskini artıra bilər. Damar divarlarında
dəyişikliklər isə zamanla qan dövranının pozulmasına, infarkt və insult kimi
ciddi fəsadlara zəmin yarada bilər.
Bəs hansı qida birləşmələri damarlar üçün daha təhlükəlidir, fastfudun müntəzəm istehlakı ürək-damar sistemində hansı dəyişikliklərə səbəb olur və bu riskləri azaltmaq üçün gündəlik qidalanmada nələrə diqqət edilməlidir?

Crossmedia.az-a açıqlamasında kardioloq
Ülvi Mirzoyev bildirib ki, rafinə karbohidratlar postprandial
hiperqlikemiya və hiperinsulinemiya yaradır:
“Qaraciyərdə artıq qlükoza triqliseridlərə çevrilir və nəticədə aterogen
dislipidemiya formalaşır: triqliseridlər artır, HDL-xolesterin azalır, LDL
hissəcikləri kiçik və sıx olur. Bu hissəciklər damar divarına daha asan nüfuz
edir. Yüksək qlikemik yükün yağla birlikdə qəbulundan sonra bir neçə saat
ərzində endotel funksiyası zəifləyir, oksidləşdirici stres və iltihab
markerləri yüksəlir. Bu proses müntəzəm təkrarlandıqda xroniki iltihaba və
aterosklerozun inkişafına gətirib çıxarır.
Bitki yağlarının özünü “zərərli” adlandırmaq elmi cəhətdən düzgün deyil:
doymamış yağlar doymuş yağları əvəz etdikdə LDL-xolesterini azaldır. Risk
təkrar qızdırılan yağda yaranan oksidləşmə məhsulları və trans-yağlarla
bağlıdır. Sübut bazası güclüdür: 2024-cü ildə The BMJ jurnalında dərc olunan və
təxminən 10 milyon iştirakçını əhatə edən icmala görə, ultra-emal olunmuş
qidaların yüksək istehlakı ürək-damar səbəbli ölüm riskinin təxminən 50%
artması ilə əlaqəlidir.
Şirin içkilər, ağ un məhsulları, fritür, emal olunmuş ət, trans-yağlı
şirniyyat və hazır qəlyanaltılar məhdudlaşdırılmalıdır. Üstünlük tərəvəzə,
paxlalılara, tam taxıllara, balığa (həftədə ən azı iki dəfə), qoz-fındığa və
zeytun yağına verilməlidir. Ümumdünya Səhiyyə Təşkilatı əlavə şəkərin gündəlik
enerjinin 10%-dən, ideal halda isə 5%-dən (təxminən 25 q) az olmasını, duzun
isə gündə 5 q-dan az olmasını tövsiyə edir. Ən güclü sübut bazasına Aralıq
dənizi pəhrizi malikdir: PREDIMED randomizə olunmuş tədqiqatında bu pəhriz əsas
ürək-damar hadisələrinin riskini təxminən 30% azaltmışdır”.
Məhəbbət Tərlanoğlu
19:10 17.11.2026
Oxunuş sayı: 70